“Yaxın Şərq regionu dini, milli, irqi baxımdan dünyanın ən zəngin və ən qarışıq bölgəsidir. Bu region sivilizasiyaların beşiyi olmaqla yanaşı, çoxsaylı və qanlı savaşlara da şahidlik edib. Son səksən illik bir periodda isə bu savaşlar demək olar ki,heç səngiməmişdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, bu ilin yeddi oktyabr tarixində HAMAS-ın İsrail şəhərlərinə ani raket hücumları ilə başlayan və Qəzzanın ağır bombardmanına məruz qalması ilə davam edən bu savaşın Yeni Dünya Nizamının qurulacağı iddiaları ilə üst-üstə düşməsi bəzi baş verəcək prosesləri əyani şəkildə ortaya qoyur:
“Təsadüfi deyil ki, bir neçə il əvvəl ABŞ-ın məşhur analitik təhlil mərkəzi olan “Stratfor” kampaniyası Yaxın Şərq regionunu dünya savaşı çıxaracaq beş bölgədən biri olaraq nəzərdən keçirib. Hələ ki, İsrail və Qəzza sektoru arasında 28 gündür davam edən savaşın yaxın zaman kəsiyində dayanacağı ilə bağlı nikbin proqnozlara rast gəlinmir. Başda baş nazir B.Netanyahu olmaqla, İsrailin hərbi-siyasi rəsmiləri savaşın dayanmasının HAMAS-ın xeyrinə olacağının, bu səbəbdən də sona qədər gedəcəklərinin və HAMAS-ı yox edəcəklərinin mesajını verirlər. Eyni qaydada, “Hizbullah” başda olmaqla, bəzi radikal terror qruplar da öz maraqları naminə müharibəni daha da qızışdıracaq bəyanatlar verirlər. Digər bir narahatlıq isə Qərbin qızışdırıcı mövqeyidir ki, bu da müharibənin nəinki dayanacağına, əksinə daha da uzanacağına və böyük ehtimalla qonşu ölkələrə də sıçraya bilmə ehtimalını gücləndirir”.
//Gülnarə Abasova, Editor.az

