“Sea Breeze” işində sensasion video ortaya çıxdı – oliqarx oğlu Elnur Məmmədov 2 yox, 3 dava salıbmış…backend

“Sea Breeze” işində sensasion video ortaya çıxdı – oliqarx oğlu Elnur Məmmədov 2 yox, 3 dava salıbmış…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi bu ilin yayında “Sea Breeze”də baş vermiş kütləvi davada tərəf olmuş şəxslərin işi üzrə araşdırmalar davam edir.

Müttəhimlər kürsüsünə Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad Əhmədli çıxarılıblar. Bu şəxslər xuliqanlıqda ittiham olunurlar. İş üzrə iki zərərçəkən var – Cavad Muradov və Elnur Məmmədov. “Sea Breeze”dəki kütləvi dava ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində məhkəmə araşdırmasında olan bu işdən əlavə daha iki cinayət işi araşdırılıb. Həmin işlərdən biri də məhkəməyə göndərilib. Elmir İsmayılov və digərilərinin cinayət işi üzrə zərərçəkən olan Cavad Muradov həmin iş üzrə təqsirləndirilən şəxsdir. Buna görə o da həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədov isə azadlıqdadır və o, bu gün keçirilən prosesə qatılmayıb. Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib.

Dekabrın 19-da keçirilən prosesdə Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov məhkəməyə arayış təqdim edib. Vəkil bildirib ki, prokuror ötən prosesdə işdə olan və Məhəmməd Həsənzadənin istifadəsindəki telefon nömrəsi ilə bağlı şübhələri dilə gətirib.

Vəkil deyib ki, mobil operatora sorğu verib, alınan cavabda qeyd olunur ki, telefon nömrəsi Məmmədov Rza Elçin oğlunun adınadır. Rza Məmmədov da notarial qaydada təsdiqlənmiş ərizəsində bildirib ki, nömrə onun adına alınsa da, faktiki olaraq Məhəmməd Həsənzadə işlədir.

Vəkil hər iki sənədi məhkəməyə təqdim edib, bildirib ki, Rza Məmmədov da məhkəməyə gəlib, zərurət bilinərsə, dindirilməsi də baş tutsun.

Hakim bildirib ki, indiki mərhlədə Rza Məmmədovun dindirilməsi zərurəti yoxdur.

Bundan sonra hakim iş materiallarına əlavə edilmiş videoların tədqiqinə başlanıldığını elan etdi.

İlk video “Sea Breeze”dəki “White villa 10” kamerasından götürülən, 11 iyun 2023-cü ildə, saat 03:40-da çəkilib. 40 dəqiqəlik videoda ilk olaraq 11-12 nəfərin yığışdığı, kənardan onların yanına 5-6 nəfərin gəldiyi görünür.

Vəkil Vüsal Orucov 40 dəqiqəlik videoya tam baxılmasına etiraz etdi. Dedi ki, görünən odur ki, iş üzrə bir nəfər qurşağa qədər soyunub və başına toplaşanlar da onu sakitləşdirməyə çalışırlar. Orada təqsirləndirilən şəxslərdən kimsə yoxdur və bu videoya baxış keçirilməsi mənasızdır. Məhkəməyə hər hansı bir nəticəyə gəlməyə də imkan verməyəcək.

Prokuror bildirdi ki, Peyman Vəlizadə dava zaman orada olmadığını deyir, amma videodan görünür ki, orada olub.

Peyman Vəlizadə isə bildirdi ki, o, heç vaxt dava zamanı orada olmasını inkar etməyib: “Mən deməmişəm ki, orada olmamışam. Demişəm ki, ora sonradan gəlmişəm”.

Hakim Peyman Vəlizadəyə yerindən danışmasını irad tutdu.
Digər video “Sea Breeze”dəki “White villa 36” kamerasından götürülüb və 11 iyun 2023-cü ildə, saat 03:50-də çəkilib. Bu videoda da nə zərərçəkənlər, nə də ki, təqsirləndirilənlər görünmür.

Videolar tədqiq edilərkən vəkillər hakimin diqqətinə çatdırdılar ki, əsas video iş materialalrına əlavə edilməyib.

Həmin videoda Elnur Məmmədov və digər şəxslər Elmir İsmayılovu döyüb, maşınını əziblər.

Vəkil Vüsal Orucov hakimdən xahiş edib ki, ittihamın başlanğıcında yazılanlara uyğun video təqdim edilsin:

“Görünsün ki, ümumiyyətlə bu dava necə başlayıb, təşəbbüsçü kim olub? Təşəbbüsçü görünməsə, kiminsə əməlinə xuliqanlıq qiymətini necə verə bilərik? Kimsə kiminləsə davam edirsə, dava kimin təşəbbüsü ilə başlayırsa, xuliqanlıq onun əməlində var.

Daha bir video tədqiq olunarkən sensasion təfərrat meydana çıxdı. Aydın oldu ki, Elnur Məmmədov və ətrafındakı şəxslər Elmir İsmayılovu döyüb maşınını əziblər. Bundan sonra ərazidən keçən daha bir minik maşınında olan şəxslərlə mübahisə edblər. Mübahisə minik maşınında olan şəxslərin Elnur Məmmədov və ətrafındakı şəxlərlə döymələri ilə sonuclanıb. ən diqqət çəkən məqam isə budur ki, bu dava ilə bağlı hər hansı bir araşdırma aparılmayıb. Aparılıbsa belə, həmin davada döyülən şəxslərin kimlikləri açıqlanmayıb.

Məhkəmədə belə anlaşıldı ki, bu video səhvən iş materiallarına əlavə olunub və daha bir dava epizodunu əhatə edir. Bu videoda Elmir İsmayılov, o döyüləndən saatlar sonra “Sea Breeze”yə gələn onun qardaşı Elgün İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədli yoxdur.

Sensasion videodan görünür ki, “Sea Breeze”də minik maşını Elnur Məmmədov, Cavad Muradov və digər şəxslərin yanında saxlayır. Maşından düşən şəxslə Elnur Məmmədov arasında dava düşür. Video tədqiq olunarkən zalda “bu Elnurdur, o da Cavaddır” sözləri eşidilir.

Bu zaman prokuror Amin Şəkərəliyev “Cavad deyir ki, mən heç kimi vurmamışam” deyir. Videodan da görünür ki, vurub yıxır” sözlərini deməsi Cavad Muradovun etirazına səbəb oldu: “Mən deməmişəm ki, heç kimi vurmamışam. Bu dava ümumiyyətlə ittihamda yoxdur. İttihamı hamımız oxumuşuq. İttihamda Elmirdən söhbət gedir. Bu videoda isə Elmir yoxdur. Belə çıxır ki, mənim rinqdə olan videolarımı da ittihama əlavə etmək lazımdır? Bu videoda ittihama aid olmayan şəxslərdir. Bu video düzgün olaraq işə əlavə edilməyib. Bu videoda Elmir İsmayılov yoxdur axı!”

Hakim: “Təqdim olunan videolar tədqiq olunmalıdır”.

Cavad Muradov: “Möhtərəm hakim, ittiham çərçivəsində tədqiq olunmalıdır. Bu videoda göstərilən dava ittihamda yoxdur axı. Bu video səhv olaraq əlavə edilib”.

Vəkil Vüsal Orucov Cavad Muradova dəqiqləşdirici sual verir: “O videoda kimlər var?”

Cavad Muradovun sözlərinə görə həmin vaxt maşında olanlar yanlarından keçərkən söyüş söyüblər, buna görə də aralarında mübahisə başlayıb: “O məsələnin bu işə heç bir aidiyyatı yoxdur”.
İş üzrə videolar tədqiq olunarkən prokuror “Peyman burada görünür” deməsi vəkillərin etirazına səbəb oldu. Prokurordan tələb etdilər ki, qarşısındakı monitorda videoya baxıb fikir söyləməsin.

Hakim də vəkillərin etirazını haqlı saydı: “Dövlət ittihamçısı, çox xahiş edirəm fikirlərinizi deyəndə konkret deyin, vəkillər də bilsin ki, söhbət nədən gedir. Şəkilə baxıb “bu Cavaddır, bu Peymandır” deyirsiz, belə olmur axı. Fikirlərinizi çatdırın və izah verin”.

Dövlət ittihamçısının “özləri görürlər” deməsinə vəkillər yenə də etiraz etdilər: “Biz görmürük. İttihamda yazılıb ki, 23 radələrində bu dava olub. Videodan da görünür ki, gecə 4-ə qalıb”.

Vəkil Abbas Kərimbəyli bildirdi ki, ittihamda yazılıb ki, Elmir İsmayılovu Elnur Məmmədov və digər şəxslər 23 radələrində döyüblər, maşınını əziblər.İtthamda yazılır ki, guya Elmir İsmayılovun qardaşı Elgün İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədli həmin vaxt onun yanında olublar.

Şahid ifadələri ilə, zərərçəkənlərin sözləri ilə, digər dəlillərlə də sübut olundu ki, Elmir İsmayılov tək olub. O, döyüləndən xeyli sonra qardaşı Elgün İsmayılova zəng edib, xahiş edib ki, gəlib onu xəstəxanaya aparsın. Elgün İsmayılov da ona dostları Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədli həmin vaxt olduqları Mərdəkan qəsəbəsindən gəliblər. Onlar “Sea Breeze”yə gecə 4-ün yarısı gəliblər. Onlar da gəlib təzədən düşüblər davaya. Onlar gələnə qədər də Elnur Məmmədov və digəriləri minik maşınından söyüş söyən şəxsləri döyüblər. Yəni o adamlar işdə ümumiyyətlə yoxdur. O adamların da kimliklərini müəyyən edib ittihama salaq. Burada zərərçəkən deyir ki, mən urdum yıxıldı, prokuror isə reaksiya vermir. Burada qərəzli mövqedən çıxış etməyək, insan taleyi həll olunur, bu hadisə hər birimizin başına gələ bilər. Məsələyə ədalətlə yanaşaq, kim orada olubsa, kameraya düşüb, saatı var. Əgər varsa, qoyulsun ortaya.
Vəkil Vüsal Orucov da bildirdi ki, ittihama görə Məhəmməd Orucov hadisə baş verən gün 23 radələrində “Sea Breeze”də restoranda olub, araq içib. İttiham bu qədər əmin idisə ki, Məhəmməd orada olub, oradakı videoları işə əlavə etməli idi. Sübut etməlidi idilər ki, Məhəmməd əlində araq rumkası araq içir və ya Elmirin mühafizəçisi olaraq yanında harasa gedir. Əgər ittiham tərəfi iddia edirsə ki, mübahisə bizim təşəbbüsümüzlə başlayıb, həmin videonu işə əlavə edib bizə göstərməli idilər. Bunun əvəzinə bizə dəxli olmayan videoları işə əlavə ediblər, orada kimsə dava edir. Videogörüntünün tədqiq olunmasının məqsədi var. Biz bu videogörüntülərə baxıb nə müəyyən etdik? Bilirlər ki, bu gün təqsirləndirilən kimi təqdim olunan şəxslər dava zamanı videolarda yoxdur, təqdim etsələr belə nəyi sübut edəcəklər? Sadəcə bizim vaxtımızı boşuna alırlar.

Amin Şəkərəliyev vəsatət qaldıraraq şahid Vüqar Tağıyevin prosesə dəvət olunmasını, onun iştirakı ilə videoya baxış keçirilməsini istəyib.
Hakim isə aydınlaşdırıb ki, Elmir İsmayılov iş üzrə qismən təqsirli bilib: “Elmir İsmayılov demir ki, mən orda olmamışam, deyir olmuşam, mən kiməsə xəsarət yetirməmişəm, əksinə mənə xəsarət yetirilib, mənim maşınım əzilib. O biri mübahisədə isə deyir ki, mən orada olmamışam, mən artıq orada yox idim. İlk mübahisə olduğunu, başına xəsarət yetirildiyini, maşınının əzildiyini Elmir İsmayılov deyir. Özünü də qismn təqsirli bilir”.

Vəkil Ülvi Məmmədov dedi ki, istintaq davalar məsələsində səhv edib: “Orada üç dava olub. Birinci davada Elmir İsmayılovu döyüb maşınını əziblər. Bir neçə saat sonra daha bir mübahisə olub. Elgün döyülüb, Peyman, Məhəmməd vurulub. 3-cü epizodun isə ümumiyyətlə cinayət işinə aidiyyatı yoxdur, bunu da Cavad Muradov izah etdi, dedi ki, biz gedirdik, tanımadığımız şəxslər maşından söydü, mübahisə oldu. 1-ci və 2-ci epizodu, belə deyək, saat 11 – 3 arası baş verən epizod üzrə Elmirə qrup halında xuliqanlıq ittihamı vermək düzgün deyil. Orada Elmir olub, Elnur olub. Elmirə nə əsasla qrup halında xuliqanlıq ittihamı verilib? Belə çıxır ki, bu mübahisədən 3-5 saat sonra başqa şəxslər mübahisə edib dalaşıblarsa, buna görə Elmirə qrup halında xuliqanlıq ittihamı verilməlidir? Belə ittiham vermək olmaz”.
Vəkil təqsirləndirilən Murad Əhmədli ilə bağlı vəsatət verəcəyini, bundan əvvəl isə ona söz verilməsini xahiş etdi.

Hakim tədqiq olunan videolarla bağlı tərəflərin fikirlərini soruşdu. Peyman Vəlizadə bildirdi ki, o, Məhəmməd Həsənzadə, Elgün İsmayılov və Murad Əhmədli ilə birgə “Sea Breeze”yə gecə 4-ə 10 dəqiqə qalmış gəliblər. Elnur Məmmədov orada söyüş söyüb, mən də orada Elmiri aparmağa gəlmişdim. Bizim əvvəlcədən niyyətimiz orada davada iştirak niyyətimiz olmayıb. Nə də ki, əvvəldən Elmirin masasında olmamışıq. Yazırlar ki, Peyman orada olub, araq içib. Olmamışam axı. Ora gəlməmişəm. Mən ora gələndə dava oldu, vurdular.

Elmir İsmayılov da bildirdi ki, tədqiq olunan heç bir videoda o, yoxdur.

Murad Əhmədlinin videolara münaisbət bildirərkən dedi ki, məktəblidir, heç bir videoda yoxdur, heç bri davada da olmayıb: “İttihamda yazılanların hamısı yalandır. Məni orada 2 gün saxladılar. Atam da buna görə insult keçirdi. Boş-boşuna məhkəməyə gəlib-gedirəm, imtahanlara hazırlaşa bilmirəm”.

Murad Əhmədlinin vəkili Ülvi Məmmədov vəsatət qaldıraraq hadisə baş verən gün və saatlarda müvəkkilinin harada olması ilə bağlı telefon-anten məlumatlarının alınması üçün mobil operatorlara sorğu verilməsini istədi. Peyman Vəlizadənin vəkili də eyni vəsatətlə çıxış etdi. Hakim hər iki vəsatəti təmin elədi. Proses 26 dekabrda davam etdiriləcək.(Qaynarinfo)