Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub. Məlumata görə qızın atası rəhmətə gedib və anası ilə yaşayıb. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.
Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.
Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır
“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.
Hadisə ilə bağlı Editor.az-a fikirlərini bölüşən sosioloq Lalə Mehralı bildirib ki, cəmiyyətin bu qədər deqradasiyaya uğraması qəbuledilməzdir:

” Bu xəbərin başlığını gördükdə dəhşətə gəldim. İnsanlar necə vəziyyətə gəlib çıxıblar. Özü körpə olan bir qızın hamilə qalıb uşaq dünyaya gətirməsi sadəcə dəhşətdir. Necə ola bilər ki, anası bu qızcığazın 9 ay hamiləlik dövründən xəbərsiz olsun? O balaca qızın stresi, gündəlik düşdüyü vəziyyət heç kəsi şübhələndirməyibmi? Hamiləlik dövrü mütləq ki, insanın gündəlik həyatında özünü göstərir. Anası, ətrafdakı insanlar həqiqətənmi bundan xəbərsiz olub? Bu çox müəmmalıdır. Demək ki, ana 13 yaşlı qızı ilə heç bir zaman maraqlanmayıb. Bu məsələ ciddi suallar doğurur. Bu məsələdə bütün məsuliyyət ananın üzərinə düşür. Hələ üstəlik qızından imtina edəndə odur. Hesab edirəm ki, 13 yaşlı qızın və dünyaya gətirdiyi körpəni o cür ananın himayəsində qalmağı heç doğru deyil. 9 aylıq prosesdə övladından bixəbər və bu cür vəziyyətdə ondan imtina edən qadın lazımi sevgini, qayğını onlara heç bir zaman verə bilməyəcək. O uşağı o evdə hansı aqibət gözləyir, təxmin etmək olar. Ona görə də onların dövlətin himayəsinə verilməsi daha məqsədəuyğundur”.
Psixoloq Leyla Əli isə Editor.az-a bildirib ki, uşaq və təcavüz sözlərini yan-yana işlətmək çox ağrılıdır:

” Təcavüz hansı halda baş verir, bu başqa mövzudur. Hadisə baş verib və çıxış yolu tapmaq lazımdır. Bundan əvvəl isə çıxış yolunu axtaranları düzgün seçmək önəmlidir. Yeniyetmənin həyatında dərin iz buraxan hadisədən çıxış yolunu tapan şəxslər xüsusi hallarla işləyən peşəkar mütəxəssislər qrupudur. Baş verən hadisəni araşdırarkən ilk növbədə valideynin övladı ilə münasibətləri araşdırılmalıdır. Yayılan xəbərlərdə həm də onu oxuyuruq ki, valideyn övladından imtina edib. Fakt öz təsdiqini taparsa, cəmiyyətə böyük mesaj verilmiş olur. Bu isə SOS siqnalıdır. Suallar çoxalır. Yeniyetmədən imtina etmək, hadisədə onu günahlandırmaq buna oxşar hadisələrin qarşısını almır. Övladından imtina etmək istəyən valideynə (fakt təsdiqini taparsa) sual vermək lazımdır. Özü övladının yerində olsaydı ondan imtina edilməsini istəyərdi?”.
Psixoloqun sözlərinə görə, əksər hallarda yeniyetmə qızların başına gələn bu tip hadisələr onların istəyi ilə baş vermir və təcrübə göstərir ki, belə hadisələr və hərəkətlər ikinci dərəcəli qohum və qonşular tərəfindən edilir:
” Təcavüzə məruz qalan uşaq və yeniyetmənin susma səbəbi isə təcavüz edən şəxsin müxtəlif formalarda onu şantaj etməsidir. “Çıxış yolu nədədir?” sualını verməzdən əvvəl bu kimi hadisələrə səbəb olan hallara nəzər yetirmək lazımdır. Baş vermiş hadisə nəticədir. Səbəb yox. Səbəb daha dərindədir”.
//Gülnarə Abasova, Editor.az

