Səbrimizi daşıran son həmlə: “Azərbaycan istədiyi an antiterror əməliyyatı keçirə bilər “-Hikmət Babaoğlu ilə MÜSAHİBƏbackend

Səbrimizi daşıran son həmlə: “Azərbaycan istədiyi an antiterror əməliyyatı keçirə bilər “-Hikmət Babaoğlu ilə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Milli Məclisin deputatı Hikmət Babaoğlu ilə müsahibəsini təqdim edir:

-Hikmət bəy, artıq 3-cü aydır ki, Laçın yolunda ekofəallarımız etiraz aksiyaları keçirirlər. Lakin buraya “humanitar məqsədli“ maşınların gediş-gəlişi dayanmır və məlum olur ki, separatçı liderlər istədikləri kimi Moskvaya gedə və Xankəndiyə qayıda bilirlər. Bu prosesi necə dəyərləndirirsiniz? Həmin maşınlara ölkəmiz tərəfindən nəzarət mexanizmi təşkil ediləcəkmi?

-Azərbaycan ekofəallarının 2 aydan çox müddətdə həyata keçirdiyi etiraz aksiyaları bu müddət ərzində sərvətlərimizin talanmasının qarşısını alıb. Bu öz-özlüyündə çox mühüm göstəricidir. Ekoaktivistlərin aksiyası həm yumşaq güc nümayişi, həm də Azərbaycan ictimaiyyəti, QHT institutlarının milli maraqlarımız ətrafında səfərbər olma hadisəsidir. “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”. Yəni, biz bütün platformalarda ictimai institutlardan dövlət qurumlarına qədər milli maraqlarımızı qoruya bilirik. Çox təəssüf ki, Azərbaycanda yaşayan erməni icması və onların daxilində olan separatçılar ekofəallarımızın humanitar məqsədlərindən, davranışlarından sui-istifadə edirlər. Onlar Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin xüsusi təyinatlı yardım avtomobillərini özlərinin xidmət maşınlarına çeviriblər. Eyni zamanda, Rusiya sülhməramlılarının xüsusi missiyalı nəqliyyat vasitələrini bir növ təchizat nəqliyyatı kimi istifadə edirlər. Bu, qətiyyən yolverilməzdir. Ona görə düşünürəm ki, ekofəalların bu fəaliyyətlərinin məntiqi sonluğu üçün onlara dövlət strukturları və müvafiq qurumlar dəstəkverməlidir. Biz göz yuma bilmərik ki, vətəndaşlığı olmayan bir təxribatçı sərbəst şəkildə Azərbaycana daxil olsun və ya Moskvaya getsin. Bu da sülhməramlıların xüsusi nəqliyyat vasitəsilə baş verir. O avtomobillər Ruben Vardanyanın şəxsi maşını deyil. Ona görə də Azərbaycanın tamamilə haqqı var ki, bu cür sərhəd pozuntularına qarşı nəzarət mexanizmi tətbiq etsin. Azərbaycan prokuroru tərəfindən axtarışa verilmiş Arayik Artunyan bu gün ölkəmizin ərazisinə sərbəst gəlib-gedir. Əgər belə davam edərsə, rəsmi Bakı bütün humanitar prinsipləri kənara qoyaraq qəti addımlar atacaq. Bunun üçün həm hüquqi əsaslarımız, həm də xüsusi dövlət orqanlarının real əməliyyat gücləri var. Artıq bu barədə danışmaq lazımdır. Görünür ki, erməni icması təxribatçıların bu addımlarının davamlı olması da maraqlıdır. Azərbaycan buna yol verməyəcək ki, Vardanyanlar , Artunyanlar yenidən bizim ərazilərimizdəki vəziyyəti 1988-ci ilə qaytarıb, ölkəmizin həll etdiyi problemi yenidən problem halına çevirsinlər. Biz müvafiq qurumlardan məsələ ilə bağlı daha qətiyyətli addımlar gözləyirik.

-Ruben Vardanyan Moskvadan Xankəndiyə qayıtdıqdan sonra daha da “fəal“ şəkildə təbliğat aparmağa başlayıb. Azərbaycanı “120 min sakinini blokadada saxladığı və etnik təmizləmə məqsədilə cinayət və terror fəaliyyətləri həyata keçirdiyini” car çəkən Vardanyan bir çox ölkələrə yardım üçün müraciət edir. Ölkəmiz bu açıq təxribatçı addımlara qarşı nə qədər susacaq?

-Vardanyan Moskvadakı görüşlərdən sonra, “xidməti müşavirə” keçirdi və yenidən Azərbaycanın əleyhinə güc nümayiş etdirmiş oldu. Qeyd etdi ki, “doğrudur, Qarabağ icması təcrid olunmuş vəziyyətdə yaşayır, amma, biz özlüyündə böyük gücük”. Bundan dərhal sonra verilən müsahibədə bildirildi ki, Qarabağ “icmasının” maraqlarının qorunması İranın da maraqlarının qorunması deməkdir. Bu, artıq Vardanyanın fikirlərində yeni ritorikadır. Görünür, ona yeni strateji dərs keçiblər ki, daha fəal olsun. Düşünürəm ki, Azərbaycanın müvafiq qurumları bu prosesi çox diqqətlə izləyirlər. Nəzərə almaq lazımdır ki, regionda vəziyyət həddindən artıq gərgindir və daha da kəskinləşə bilər. Ona görə də bütün geostrateji vəziyyət riyazi dəqiqliklə hesablanıb konkret addımlar atılmalıdır. Düşünürəm ki, ən doğru addım elə doğru zamanda da atılacaq.

– Bəs Azərbaycan bu cür açıq məkrli çağırışlar fonunda antiterror əməliyyatı həyata keçirə bilərmi?

-Tamamilə mümkündür. Təkcə Xankəndidə yox, eyni zamanda erməni icmasının yaşadığı bütün ərazilərdə (Ağdərədə, Əsgəranda, Xocalıda və s.) hansı ki, ölkəmiz əleyhinə fikirlər səsləndirirlər, mövcud silahlı qüvvələr son dövrlərə qədər silahlı təxribatla Azərbaycanı təhdid edirdilər və digər faktorları da nəzərə alsaq deyə bilərik ki, rəsmi Bakı istədiyi zaman antiterror əməliyyatı keçirə bilər. Vətəndaşlığı olmayan Ruben Vardanyanın torpaqlarımıza daxil olması özü cinayətdir. Bununla bağlı da tədbirlər görülə bilər.

//Safura Bənnayeva, Editor.az