Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra formalaşan siyasi mənzərə həm ölkədaxili proseslər, həm də regionda sülh gündəliyinin gələcək perspektivləri baxımından diqqətlə izlənilir. Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində verdiyi mesajlar müsbət siqnallar kimi qiymətləndirilsə də, seçkidən sonrakı dövrdə Ermənistanın daxili siyasi reallıqları və xarici təsirlər sülh prosesinin sürətinə birbaşa təsir göstərə bilər.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, seçkilərdən sonra Nikol Paşinyanın səsləndirdiyi fikirlər Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanmasına münasibətində formal baxımdan ciddi dəyişiklik olmadığını göstərir:
” Nikol Paşinyan seçkidən sonra da Azərbaycanla sülh prosesinin davam etdirilməsinin, Türkiyə və Azərbaycanla sərhədlərin tam açılmasının, eləcə də ölkələr arasında mövcud mübahisələrin həlli üçün formalaşmış dialoq mühitinin daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu ifadə edib.
Bununla belə, seçkidən sonrakı siyasi vəziyyət Azərbaycanla sülh sazişinin imzalanması prosesinə bu və ya digər formada təsir göstərə bilər. Hələlik Ermənistan daxilində siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq söyləmək mümkün deyil. Rusiyanın Ermənistanda keçirilmiş seçkilərə münasibəti kifayət qədər sərt və tənqidi xarakter daşıyır. Rusiya dövlət qurumları, ictimai-siyasi xadimlər, siyasi partiyalar və media strukturları seçkiləri geniş şəkildə tənqid edir. İndiyədək Rusiyadan seçkilərlə bağlı hər hansı müsbət qiymətləndirmə səsləndirilməyib.
Bu isə təsadüfi deyil. Görünür ki, Paşinyanın qələbəsindən narazı olan müəyyən Rusiya dairələri seçkidən sonrakı proseslərdə öz maraqlarını və planlarını həyata keçirməyə çalışırlar. Bu səbəbdən də Ermənistan daxilində siyasi proseslərin necə inkişaf edəcəyi hələ tam aydın deyil. Lakin mövcud ehtimallar vəziyyətin müəyyən qədər gərginləşə biləcəyini deməyə əsas verir”.
“Belə bir şəraitdə Paşinyan müəyyən müddət ərzində diqqətini ilk növbədə seçkinin nəticələrinin legitimləşdirilməsinə, ölkə daxilində qəbul olunmasına və beynəlxalq dəstəyin gücləndirilməsinə yönəltməyə məcbur qala bilər. Bu amillər isə sülh prosesinin tempinə müəyyən təsir göstərə və onu ləngidə bilər”, – deyə siyasi analitik vurğulayıb.
A.Quliyev qeyd edib ki, Azərbaycanla sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri olan Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi də hələlik açıq qalır:
“Azərbaycanın haqlı tələblərinə uyğun olaraq Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması vacib şərtlərdən biridir. Lakin seçkilərin nəticələrinə əsasən Paşinyan parlamentdə konstitusiya dəyişikliklərini həyata keçirmək üçün tələb olunan üçdə iki səs çoxluğunu əldə edə bilməyib. Hazırda onun siyasi qüvvəsi parlamentdə 61 mandatla təmsil olunur, halbuki Konstitusiyaya dəyişiklik üçün təxminən 70 səs tələb edilir.
Bu vəziyyətdə əsas çıxış yolu ümumxalq referendumunun keçirilməsidir. Referendumun təşkili və keçirilməsi isə müəyyən zaman tələb edir. Buna görə də Paşinyan Azərbaycanla sülh dialoqunu davam etdirmək iradəsini nümayiş etdirsə də, seçkilərdən sonra yaranmış siyasi reallıqlar sülh sazişinin imzalanması yolunda müəyyən maneələr yarada bilər”.
//Gülnarə Abasova, Editor.az


