Səfir: “Azərbaycanda Nuru Paşanın, Ərdoğanın və Baxçalının adının əbədiləşdirilməsi çox lazımlıdır”backend

Səfir: “Azərbaycanda Nuru Paşanın, Ərdoğanın və Baxçalının adının əbədiləşdirilməsi çox lazımlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azər Xudiyev: “Ölkə rəhbərinin Polad Bülbüloğluna çağırışı tam yerindədir”

Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, səfir Azər Xudiyevin “Demokrat.az” xəbər portalına müsahibəsi:

— Azər bəy, bu yaxınlarda ölkə başçısı İlham Əliyev və ailə üzvləri Dağlıq Qarabağa səfəri çərçivəsində Şuşada olub, bir sıra açılışlar və çıxışlar edib. Prezidentin Şuşaya səfəri Ermənistan ictimaiyyətində ciddi çaxnaşma yaradıb. Bu səfərin əhəmiyyətini siz necə qiymətləndirirsiniz? 

— Azərbaycan Prezidentinin Dağlıq Qarabağa səfər etməsi tam normal, təbii və eyni zamanda, qürurverici hadisədir. Normaldır ona görə ki, Qarabağ mübahisəsiz tarixi, coğrafi, hüquqi, siyasi, geosiyasi, iqtisadi, etnik və mədəni faktor olaraq əzəli və əbədi Azərbaycan ərazisidir. Bu səbəblərdən, biz hörmətli İlham Əliyevin Dağlıq Qarabağa səfərini dövlət başçısının Azərbaycanın bölgələrindən birinə növbəti səfəri kimi qəbul edirik.

Xatırladım ki, Prezident ölkənin müxtəlif bölgələrinə tez-tez səfərlər edir. Bu səfər təbiidir, ona görə ki, dövlətin başçısı ölkənin bütün bölgələrindəki vəziyyətlə yerində tanış olmaq kursunu həmişə yeridir və bunun da səmərəsi göz qabağındadır.

Nəhayət, bu səfər qürurvericidir, ona görə ki, Prezident hərbi geyimdə gedib və göstərib ki, o, ölkənin layiqli lideri olduğu kimi, həm də Ordunun müzəffər Ali Baş Komandanıdır.

Burada bir məqamı da vurğulamaq istərdim. Dədə Qorqud deyib ki, əgər torpağı əkib-becərə bilmirsənsə, onu qorumağa dəyməz, yox əgər qoruya bilmirsənsə, onda əkib-becərməyə dəyməz. Bu baxımdan ölkə rəhbərinin Şuşa və işğaldan azad edilmiş digər yerlərə səfəri torpaqlarımızın qəhrəman və rəşadətli ordumuzun əmin əllərində olduğunun növbəti təsdiqidir. Və həm də bundan sonra Qarabağda quruculuq və əkib-becərmək işləri ilə ciddi məşğul olacağımız niyyətini ortaya qoyur.
Bu kontekstdə Prezidentin Azərbaycanın tarixi və görkəmli şəxslərinin abidələrini doğma yerlərinə qaytarması bizləri çox fərəhləndirir. Dövlət başçısı tarixi ədaləti bərpa etdi.

İnanırıq ki, Prezidentin Şuşaya və azad edilmiş digər yerlərə səfərləri mütəmadi xarakter daşıyacaq. İnşallah, ölkə rəhbərinin növbəti səfərində Şuşanı azad edən qəhrəman və əziz əsgərlərimizin xatirəsini əbədiləşdirən memorial abidənin açılışını görmək istərdik.

Bilirsiniz ki, Şuşanın azad edilməsi əməliyyatı dünyanın hərb dərsliklərində öyrənilən yeniliklərdən biri kimi qeyd olunmağa başlayıb. Dövlət başçısı da Şuşada bu barədə konkret fikir söyləyib.

Ermənilərə gəldikdə isə onlar anlamalıdırlar ki, Azərbaycan tərəfinin bu kimi addımları ümidləri puça çıxarmır, əksinə sadə erməni vətəndaşları üçün normal yaşamağın yeni ümidlərini verir.

Ermənistanda siyasi və ekspert qafaları bunu anlamırlarsa, artıq özlərinin problemidir.

— Sizin də vurğuladığınız kimi, Prezident İlham Əliyev Şuşada olarkən Azərbaycanın tarixi və görkəmli şəxslərinin abidələrinin açılışını da etdi. Onlardan biri də Azərbaycanın peşəkar vokal sənətinin banisi Bülbülün büstünün Şuşada açılışı idi. Ölkə başçısı Şuşada Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna da vacib çağırış etdi ki, gəlib atasının ev muzeyini təmir etsin və sairə. Polad Bülbüloğlu həm Rusiyada, həm də dünyada tanınan görkəmli şəxslərdən biridir. Bu baxımdan yaxşı olmazmı ki, işağldan azad olunmuş Şuşanın icra başçısı məhz Polad Bülbüloğlu təyin edilsin?

— Öncə deyim ki, Bülbül bütün Azərbaycan xalqının, mədəniyyətinin görkəmli simalarındandır və bu mənada o, xalqın oğludur. Ölkə rəhbərinin Polad Bülbüloğluna çağırışı tam yerindədir və vurğuladığım aspektdə daha çox rəmzi xarakter daşıyır. Yəni, bunu Prezidentin həm diplomatiyaya, həm də mədəniyyətə aidiyyatı olan bir vətəndaşı cəmiyyət, dövlət, milli mədəniyyətlə yanaşı, həm də öz şəxsi tarixi qarşısında məsuliyyət daşıdığını xatırlatması olaraq qəbul edirəm.

Yəqin ki, hörmətli həmkarım Polad Murtuzayeviç atasının Şuşadakı ev muzeyini bərpa etməsi ilə bağlı möhtərəm Prezidentin etdiyi çağırışa laqeyd qalmaz və üzərinə düşəni edər.

— Azər müəllim, müstəqil fikirlərinizə görə təşəkkür edirik. Bu ilin yayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Turan birliyi ideyasının əsas dəstəkçilərindən biri hesab olunan MHP sədri Dövlət Baxçalının Şuşaya səfəri gözlənilir. Bir çox vətəndaşlarımız Dağlıq Qarabağda qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və 1918-ci ildə Bakını işğaldan azad etmiş Nuru Paşanın adının əbədiləşdirilməsi çağırışlarını edirlər. Sizcə, yaxın zamanlarda bu nə qədər realdır?

— Əvvəlcə onu deyim ki, tarixən də, indi də Azərbaycanla Türkiyə bir-biri ilə bütöv olub və həmişə belə olacaq.

İkincisi, Qarabağ Savaşında da Türkiyənin bütün sferalarda Azərbaycanın yanında olduğunu hər kəs gördü. Bu səbəbdən Prezident Ərdoğanla milliyyətçi siyasi lider Baxçalının Şuşaya səfəri həm gözləniləndir, həm arzuediləndir, həm də geosiyasi anlamı olan məsələdir.

Baxçalının şuşada Azərbaycanın xeyir-duası ilə (türklərin ruslardan fərqi həm də bundadır: Ankara Bakıdan icazəsiz onun ərazisində bir addım belə atmır, rus sülhməramlılar isə…) məktəb tikmək istəyir və Üzeyir Hacıbəylinin adını vermək fikrindədir. Nə gözəl, məncə, tam təqdir olunan bir təşəbbüsdür! Bu baxımdan Ərdoğan və Baxçalının, rəhmətlik Nuru Paşanın adının əbədiləşdirilməsi də çox lazımlıdır. Məncə, bu məsələ hər zaman reallaşa bilər və heç bir maneə yoxdur.