Səfirliyə hücum: Terrorçunu hansı cəza gözləyir, maddi kompensasiya nə qədərdir?backend

Səfirliyə hücum: Terrorçunu hansı cəza gözləyir, maddi kompensasiya nə qədərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tezliklə Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı məhkəmə başlayacaq”.

 

Bunu Yenisabah.az-a açıqlamasında iranşünas-yazar Əziz Rzazadə deyib.

Onun sözlərinə görə, İran məhkəmə hakimiyyəti prosesin Azərbaycanla əməkdaşlıqla aparılacağını bildirib:

“Bu nə məna verir? Azərbaycan – zərərçəkmiş tərəfdir, ona maddi ziyan vurulub. Çox güman ki, dövlət olaraq rəsmi Bakı ona dəymiş zərərin ödənilməsi iddiasında olacaq.

Üstəlik, terror aktı zamanı 1 nəfərin ölümü və 1 nəfərin yaralanması faktları var. Məhkəmədə çıxarılacaq hökmü qabaqlamaq istəməzdim, amma qisas hökmü, yəni edam və qətlə görə diyə (qanpulu) qərarı çıxarılması gözləniləndir.

Azərbaycanın hüquq sitemindən fərqli olaraq İran məhkəmələrində çıxarılan qisas hökmünü mərhumun yaxınları təsdiqləməlidir. Qanunvericilik əfv hüququnu da tanıyır. Qisas hökmünün icrası istəndiyi halda, o, Ali Məhkəmədə təsdiqlənir. Bundan sonra edam icra olunur.

Səfirliyin mərhum əməkdaşı Orxan Əsgərovun qətlinə görə diyə miqdarı nə qədər olacaq? İran qanunvericiliyinə görə, qeyri-haram və ya adi aylarda (kişi ölümünə görə) tam diyə miqdarı 900 milyon tüməndir (36 000 manat), cinayət haram aylarda (Rəcəb, Məhərrəm, Zilqədə və Zilhəccə) baş veribsə, diyəyə üçdə biri qədəri əlavə olunur, yəni ümumən 1 milyard 200 milyon tüməndir (48 000 manat)”.

Ə. Rzazadə hadisə zamanı cinayətkara müqavimət göstərərək onu zərərsizləşdirərkən yaralanmış Vasif Tağıyevə görə də maddi təzminatın ödəniləcəyi ehtimalının olduğunu qeyd edib:

“Yaralanmaya gəlincə, zədə sümüyə çatarsa, təzminat məbləği 36 milyon (1440 manat), sümüyün zədələnməsi halında 45 milyon tüməndir (1800 manat). Amma dəyən fiziki zərərin miqdarı tam tibbi müayinə ilə dəyişə bilər. Bu hallar İslami Cinayət Məcəlləsinin 709-cu maddəsində nəzərdə tutulub”.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə silahlı basqın həyata keçirilib. Cani Yasin Hüseynzadə İran vətəndaşıdır. İran məhkəmə hakimiyyətinin sözçüsü Məsud Setayeşi istintaqın bitdiyini dilə gətirib. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian cinayətkarın ən ağır cəza alacağını bildirib.