Şəhər rəhbəri Niyazi Bayramov “Kəpəz” Peşəkar Futbol Klubunun rəhbərliyi ilə görüşübbackend

Şəhər rəhbəri Niyazi Bayramov “Kəpəz” Peşəkar Futbol Klubunun rəhbərliyi ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Kəpəz” PFK-nın rəhbərliyini qəbul edib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, klubun Müşahidə Şurasının üzvü Həmid Nəsirov və icraçı direktor İlqar Nadiri iştirak ediblər.

“Kəpəz”in yenidən Premyer Liqaya çıxmasını Gəncə futbolunun adına müsbət məqam kimi dəyərləndirən icra başçısı azarkeşlərin həmişə kluba böyük maraq göstərməsindən danışıb. Gəncə futbolunun köklü tarixindən, ənənəsindən bəhs edən Niyazi Bayramov şəhər stadionunun ərazisində salınan meydanlar və Gəncə Futbol Akademiyasının inşası ilə maraqlanıb. Vurğulayıb ki, şəraitin yaxşılaşması, akademiyanın fəaliyyətə başlaması uşaq futbolunun inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək. Elitada komandaya stadiondan azarkeşlik edərək ev oyunlarını tribunadan izləyəcəyini söyləyən şəhər rəhbəri “Kəpəz”in əvvəlki əzəmətini bərpa edəcəyinə, özünəməxsus ruhu geri qaytaracağına və yenidən azarkeşləri qələbələrlə sevindirəcəyinə inandığını bildirib.

Müşahidə Şurasının üzvü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov komandanın böyük fanat ordusuna malik olduğunu xatırlatmaqla məqsədlərinin Gəncədə keçirilən oyunlarda stadionu azarkeşlərlə doldurmaq olduğunu deyib. Tamaşaçı sayında həmişə “Kəpəz”in rekordlar qırdığını vurğulayıb. Kluba sponsorların, iş adamlarının cəlb olunması istiqamətində Futbolun İnkişafı Fondu ilə daim təmasda olduqlarını, bu istiqamətdə işlərin aparıldığını deyib. İanalərin toplanması üçün müxtəlif aksiyaların təşkilinin nəzərdə tutulduğunu açıqlayıb.

Klubun icraçı direktoru İlqar Nadiri əsas komandanın gücləndirilməsi yönündə görülən işlərdən danışıb. Gəncə şəhər stadionunun vəziyyətinə də toxunan klub rəsmisi arenanın da tezliklə yenidən qurulucağına inamını ifadə edib. “Kəpəz”ə rəng qatan azarkeşlərin güclü komanda görmək istədiklərini bildirən İlqar Nadiri bunun ilk növbədə klubun maliyyə imkanlarına bağlı olduğunu deyib. Bu yöndə durmadan çalışdıqlarını, müəyyən çevrədə biznes adamları ilə görüşdüklərini qeyd edib.

Görüşün sonunda Niyazi Bayramova “Kəpəz” PFK-nın forması və şərfi hədiyyə olunub.