Şəhid ailələri, qazilərə DİQQƏT VƏ QAYĞI: “Dövlət qurumları qarşısında bu istiqamətdə problemlərin həlli bir nömrəli vəzifə kimi müəyyən edilib”backend

Şəhid ailələri, qazilərə DİQQƏT VƏ QAYĞI: “Dövlət qurumları qarşısında bu istiqamətdə problemlərin həlli bir nömrəli vəzifə kimi müəyyən edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Hər bir dövlət üçün müharibədə iştirak edən şəxslərin sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Çünki şəhid ailələri və qazilərimizin rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan, dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir.

Maraqlıdır, müvafiq  qurumlar bu istiqamətdə vəzifələrinin öhdəsindən necə gəlir?

Milli Məclisin deputatı Könül Nurullayeva Editor.az-a bildirib ki, bütün qurumların qarşısında müəyyənləşən bu vəzifənin icrası olduqca vacibdir:

“Biz artıq böyük qələbəmizin 2-ci ilini qeyd etdik. Biz qələbəmizi şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu müddətdə məhz Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramları icra olunmaqdadır. Təsadüfi deyil ki, proqram çərçivəsində şəhidlərin ailə üzvləri, müharibə iştirakçılarından ibarət şəxslərə sosial dəstək yönümlü xidmətlər göstərilməkdədir. Eyni zamanda, sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı  proqramı da 5 dəfə genişlənib. 44 günlük Vətən müharibəsindən sonra həmin vətəndaşlara 4050-dək, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onların artıq 1050-si təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatına gəlincə, postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Eyni zamanda bu  qrupdan olan insanların özünüməşğulluq proqramına cəlb olunması da həyata keçirilən tədbirlər sırasındadır. Bununla yanaşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək məqsədilə ağır yaralı qazilərimiz müalicə üçün xaricə göndərilir, onlar xüsusi texnologiyalı protezlərlə təmin olunması yüksək səviyyədə icra olunur. Bu cür dəstək proqramları davam edir. Müəyyən boşluqlar olarsa, mütləq şəkildə onlar aradan qaldırılmalıdır. Bu sahədə ictimai nəzarət də olduqca vacibdir”.

K. Nurullayevanın sözlərinə görə, millət vəkilləri  üçün də cəmiyyətin həssas təbəqəsinə diqqət və qayğı əsas prioritetlərdən biridir:

“Seçildiyim Nizami rayonu ərazisində həssas qrupdan olan şəxslərin problemləri, onları narahat edən məsələlərin operativ həll edilməsi istiqamətinə intensiv işlər görürük.
Hesab edirəm ki, bu diqqət və qayğı davamlı olmalıdır. Qurumlarla yanaşı, cəmiyyətin hər bir üzvü bu şəxslərə xüsusi həssaslıqla yanaşmalıdır”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a bildirib ki, postmüharibə dövründə dövlətimizin üçün iki əsas məsələ prioritet oldu:

“Bunlar İkinci Qarabağ müharibəsində canından keçən şəhidlərimizin bizə əmanət qoyduqları ailələrinin  və qazilərimizin maddi-məişət, sağlıq problemlərinin həlli, eyni zamanda, 30 illik işğal dövründə darmadağın edilən Dağlıq Qarabağın bərpasıdır. Mən deyərdim ki, iki il kimi qısa bir müddətdə qarşıya qoyulan bu məqsədlərə demək olar ki, nail olunub. Şəhid ailələri və qazilərin problemləri həll olunur, digər tərəfdən də viran edilən  Qarabağın sürətli şəkildə bərpası davam edir. Müharibə Ali Baş Komandanın şəxsən nəzarəti ilə aparıldığı kimi, bütün bu sonrakı proseslər də dövlət rəhbərinin diqqət mərkəzindədir. Bu istiqamətdəki işlər davam edir. Günü-gündən bu şəxslərin problemlərinin həlli üçün dövlət tərəfindən müvafiq qanunlar qəbul olunub, tədbirlər həyata keçirilir. Xüsusilə, qazilərin əlillik meyarlarıyla bağlı müəyyən sıxıntılar yaşandı. Mən özüm seçildiyim Gəncə şəhərindən bu sahədə bir neçə müraciət aldım. Təbii ki, sonra qurumlarla əlaqə yaradıb, məsələni araşdırdıq. Məsələ tam aydınlaşdırıldı və həmin qazilərimiz təyinatı üzrə pensiya ilə təmin olundular. Bu məsələylə bağlı ictimaiyyətə də açıqlama təqdim etdik. Mən özümdə bu sahədə olan qanunvericilikdə müəyyən əlavələrin olunması üçün Milli Məclisin plenar iclasında təklif irəli sürdüm. Həmçinin bir neçə həmkarım da bu tip məsələlərdə təklif və iradlarını səsləndiriblər”.

M. Cəfərovun sözlərinə görə, dövlətin bütün səyləri həmin sahədə olan fəaliyyəti daha da təkminləşdirməkdir:

“Qeyd etmək istərdim ki, dövlət və xalq olaraq hər birimiz torpaq uğrunda canını, sağlamlığını qurban verən şəxslər, onların ailələri, övladları qarşısında borcluyuq. Hər kəs bu prosesdə fəal olmalı, şəhid ailələri və qazilərimizin problemlərinin qaldırılmasında, onların səsini dövlət qurumlarına çatdırılmasında, görülən işlərə ictimaiyyətə çatdırılmasında fəal olmağa çalışırıq.  Dövlət başçısının qərarı ilə həyata keçirilən işlərin lazımi şəkildə son məqsədə çatmasında hər bir qurumun həssas və məsuliyyətli  yanaşmasının rolu böyükdür”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.