Şəhid ailələri və qazilərə DÖVLƏT QAYĞISI:” Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”backend

Şəhid ailələri və qazilərə DÖVLƏT QAYĞISI:” Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

44 günlük Vətən müharibəsində qazandığımız Qələbə xalqımızın minlərlə qəhrəman gənclərinin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı səhifədir. Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Son zamanlar qazilərimizin intihar halları çoxalıb. Bununla bağlı müxtəlif fikirlər, narazılıqların şahidi olduq. Bu məsələ ilk növbədə bəzi rayon və şəhər icra hakimiyyəti orqanlarının fəaliyyətini yenidən gündəmə gətirmiş oldu. Təsadüfi deyil ki, dövlət başçısı bununla bağlı məmurlara dəfələrlə xəbərdarlıqlar edib, hətta məsuliyyətə cəlb olunanlar da az deyil. Ötən gün Prezident İlham Əliyev öz çıxışında bir daha məmurlara xəbərdarlıq edərək vurğuladı ki,  hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir, onlar hər zaman qayğı ilə əhatə olunmalıdır və məmurlar da bunu heç vaxt unutmamalıdır.

Milli Məclisin deputatı Şahin İsmayılov Editor.az-a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətəndaşların qayğı ilə əhatə olunması, onların problemlərinin həlli ilə bağlı ciddi tapşırıqlar vermiş, aidiyyəti üzrə dəfələrlə xəbərdarlıq etmişdir:

” Özünün də dediyi kimi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkə rəhbərinin tapşırıqları ilk növbədə vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasını əhatə edir. Bəzi məmurların bu tapşırıqları layiqincə icra edə bilməməsi təəssüf doğurur. Möhtərəm Prezident bu barədə də sərt addımlar atmış, bir çox şəxsləri cəzalandırmışdır. Diqqət etsək, Prezident İlham Əliyev buraxdığı nöqsanlara görə, həbs olunan məmurlarla bağlı danışarkən də ən çox onların vətəndaşları müxtəlif formalarda incitməsinə diqqət çəkmişdir. Bu arqument ölkə rəhbərini qəzəbləndirən ən önəmli məsələdir. Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması, insan faktorunun diqqətdə saxlanılması ilk növbədə böyük qələbədə payı olan insanları əhatə edir. Bu faktor həm dövlət, həm də cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilir. Ölkə rəhbərinin tapşırıqlarında bu aydın hiss olunur”.

Ş. İsmayılov qeyd edib ki, tarixi qələbəmiz və torpaqlarımızın azad olunmasında rol oynayan qazilərimiz cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, onlara ehtiram edilir:

“Təbii ki, dövlətin gördüyü işlərdə də bu açıq şəkildə hiss olunur. Hər hansı məmur bunun öhdəsindən gələ bilmirsə, ölkə rəhbərinin tapşırığı əsasında görülən tədbirlər onu da əhatə edəcək. Hər birimiz bilirik ki, son zamanlar qazilərimizlə bağlı baş verən narahatçılıqlar ciddi şəkildə araşdırılır. Baş verənlər dövlətin gördüyü işlərə kölgə sala bilməz. Şəhid ailələri, qazilər və sosial cəhətdən həssas olan digər insanların, o cümlədən, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün geniş həcmdə işlər görülmüşdür. Bu işləri əks etdirən proqramlar davam və inkişaf etdirilir. Statistik rəqəmlərdə bu aydın şəkildə görünür. Xüsusilə vurğulamaq lazımdır ki, burada cəmiyyətin üzərinə böyük yük düşür. Təəssüflər olsun ki, bəzi insanlar oda yağ tökməyi üstün tuturlar. Məsələn intihar edən qazimizi fikrindən yayındırmaq əvəzinə əksini edənlər var. Onlar bunu bilərəkdən, yoxsa bilmədən edirlər, bunu demək olmaz. Lakin, istənilən halda bu düzgün deyil. Məsələdə dolğun fikirlərin çatdırılması, intihara meyilliyi azaltmaq baxımından medianın üzərinə də böyük məsuliyyət düşür. Eyni zamanda, maarifləndirmə işinin təşkilində Qeyri Hökümət Təşkilatları da yaxından iştirak etməlidir. Qısa olaraq belə deyə bilərik ki, dövlət bütün lazımi tədbirləri görür, o cümlədən sosial siyasəti gücləndirir. Məsələdə günahkar varsa mütləq cəzalandırılacaq. Biz isə hamılıqla çalışmalıyıq ki, neqativ halların qarşısı alınsın”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.