“Bəzi uşaqlar, xüsusilə tanımadıqları insanların yanında utancaq ola bilərlər. Uşaq tanımadığı insanların yanında özünə qapanırsa və heç ünsiyyət qurmursa, bu uşaqda selektiv mutizmdən xəbər verə bilər. Selektiv mutizm adətən 3-6 yaş aralığında başlanır. Bu tip uşaqlar yalnız tanıdığı və güvəndiyi insanların yanında danışır”.
Bu fikirləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq selektiv mutizmin bəzi hallarda yeniyetməlik dövrünə qədər davam edə biləcəyinə diqqət çəkib:
“Selektiv mutizmin əsas əlamətləri bunlardır:
Tanımadığı insanların yanında gərginlik, narahatlıq, utancaqlıq;
Başqaları ilə ünsiyyət lazım olduğu halda həmin mühitdən qaçmaq;
Tanımadığı insanların arasında özünə qapalı görünmək və heç danışmamaq;
Ünsiyyət vacib olduğu halda güvəndiyi insanın vasitəsi ilə ünsiyyət qurmaq.
Selektiv mutizm bəzi hallarda müdaxiləsiz sağala bilsə də diaqnoz qoyulduqdan sonra müalicəyə başlanması məsləhətdir. Uşağın yaşı artıqca bu durumu müalicə etmək də çətinləşir. Valideynlərin övladlarını danışmadığı üçün cəzalandırmağı məsləhət deyil.Tam əksinə onu cəsarətləndirmək lazımdır. Tanımadığı mühitlərdə az da olsa danışdığı üçün mükafatlandırmaq lazımdır. Tanımadığı mühitlərdə başqa uşaqlarla oyun günləri təşkil etmək, film izləmək, rəsm çəkmək buna nümunə ola bilər. Əgər uşağınızda bu diaqnozun olduğundan şübhələnirsinizsə uşaq psixoloqu ilə görüşərək övladınızın psixoloji vəziyyəti ilə bağlı məlumat almaq vacibdir”.
//Gülnarə Abasova, Editor.az

