“Bütün bu proseslərin əsas məramı sülh müqaviləsinin imzalanmasını gecikdirməkdir. Müxtəlif bəhanələr gətirirlər. Gah erməni icmasının “blokadada” olduğunu, gah da “humanitar böhran” vəziyyətində qaldıqlarını qeyd edirlər”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev “Səlibçilər” deyilən bir qrup şəxsin Ermənistan ərazisində “bizə silah verin, döyüşək” və digər revanşist meyilli fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, “Xaçlılar”, “Səlibçilər” silah alaraq Azərbaycana qarşı vuruşmaq iddiasındadırlar: “Məlum məsələdir ki, 44 günlük Vətən müharibəsində Ermənistan ordusu haqqında yaranmış mifi darmadağın etdik. Heç bir havadarları da onlara yardım edə bilmədi. Ən müasir texnologiyadan istifadə edən Azərbaycan ordusu ruh yüksəkliyi ilə erməniləri darmadağın etdi. İndi də toparlana bilmirlər. Düşünürəm ki, istər “Xaçlılar”, istərsə də “Səlibçilər” Paşinyan hakimiyyətinin deyə bilmədiklərini dilə gətirməyə çalışırlar. Onların arxasında revanşist qüvvələr var, hansı ki, vaxtilə Qarabağ ərazisində səhra komandirləri olub daha sonra Ermənistandə vəzifə sahibi olaraq böyük var-dövlət əldə ediblər. Bu prosesləri yenidən qabartmaqla öz varlıqlarını sübuta yetirməyə çalışırlar. Bilirlər ki, sülh müqaviləsinin imzalanması onların həbsi, cinayətkarlıqlarının sübutu ilə nəticələnəcək. Lakin unutmaq olmaz ki, bu gün Azərbaycan Ordusu istənilən şəraitdə vuruşmağa, hər an atılan addımlara qarşı adekvat cavab verməyə qadirdir. Azərbaycan-Ermənistan şərti sərhəddini belə pozmaları çox ciddi nəticələr verəcək. Dünyadakı heç bir beynəlxalq təşkilat Azərbaycana qarşı irad bildirə bilməz. Ona görə də ermənilər atdıqları hər bir addımı ölçüb-biçməlidirlər “.
//Safura Bənnayeva, Editor.az