Prezident Donald Trampın yaxın müttəfiqi, respublikaçı senator Lindsey Qrem iyunun ortalarında keçiriləcək “Qrup Yeddilik” sammitindən əvvəl Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirib.
“Bloomberg”in məlumatına görə, Qrem və demokrat senator Riçard Blumental birgə bəyanatda bildiriblər ki, Avropa və ABŞ Çin və Hindistanı ucuz rus nefti almaqdan çəkindirmək üçün addımlar atmalıdırlar: “G-7 sammitində biz ümid edirik ki, Çinə aydın mesaj vermək üçün Avropa ilə koordinasiyalı şəkildə sanksiyalar tətbiq olunacaq”. Onlar bildiriblər ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını maliyyələşdirməyi dayandırmaq məqsədi daşıyan Rusiya sanksiyaları qanun layihəsinin hazırda 82 həmsponsoru var.
Bununla belə, Trampın Moskvaya qarşı daha sərt tədbirlər görməyə hazır olub-olmadığı bəlli deyil. Amma son günlər o, getdikcə daha çox Vladimir Putindən narazılığını ifadə edir.
Bununla yanaşı, nəşrin qeyd etdiyi kimi, Qremin Rusiya neft məhsulları və uranını alan ölkələrdən idxala 500 faizlik rüsumların tətbiqini nəzərdə tutan qanun layihəsi çox güman ki, neft bazarlarında xaosa səbəb olacaq.
//Samir Qurbanov, Editor.az