Sensasion açıqlama: “”8 Mart”la əlaqədar tapşırıq veriblər ki…”backend

Sensasion açıqlama: “”8 Mart”la əlaqədar tapşırıq veriblər ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “WhatsApp” qruplarına müəllimlərin bank kartlarının şəklini atırlar və tapşırıq verirlər ki, ödənişi bu hesaba edib, sonra qəbzi bizə yollayın”.

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, bəzi məktəblərdə direktor və müəllimlər pandemiya dövründə maddi dəyər baxımından çox böyük itkiyə uğrayıblar:

“Biz pandemiya səbəbindən orta ümumtəhsil məktəblərinin fəaliyyətinin dayandırılmasına təəssüflənsək də, digər tərəfdən də düşünürdük ki, məktəblərin bağlanması təhsil işçilərinə təhsilin, şagirdin dəyərini başa salar. Amma deyəsən, bu dəyər mənəvi yox, maddi dəyər imiş. Çünki bəzi məktəblərdə direktor və müəllimlər maddi dəyər baxımından pandemiya dövründə çox böyük itkiyə uğrayıblar. Onlar gələcəyin şəxsiyyətlərini yetişdirmək kimi bir dəyərdən deyil, bir sıra bayram və əlamətdar günlərdə yığdıqları pullardan məhrum olublar. Həmçinin bu dövrdə uşaqların təhsildən qismən məhrum olması da onları narahat etmir.

Təbii ki, Azərbaycan insanı hər zaman öz müəllimini, öz qadınını dəyərləndirib və “8 Mart” bayramı bütün dünyada olduğu kimi, ölkəmizdə də qeyd edilir. Amma, təəssüflər olsun ki, bunu iyrənc vəziyyətə salmaq sanki təhsil sisteminin vəzifəsinə çevrilib. Xüsusilə Bakı məktəblərində “8 Mart”la əlaqədar rüşvət alınması ilə bağlı müraciətlər çox olur, məktəblərdə pul yığmaq üçün xüsusi “icraçılar” ayrılır. Əvvəllər bunu direktor, direktor müavinləri, sinif rəhbərləri edirdisə, indi estafet komitə adı verdikləri valideyn-müəllim şuralarına ötürülüb.

Məsələn, belə bir müraciət daxil olmuşdu: imkansız bir şagird “8 Mart” üçün yığılan 50 manatdan cəmi 20 manatını verə bildiyinə görə, müəllim pulu şagirdin başına çırpıb və deyib ki: “Götür bunu, 20 manat mənim nəyimə lazımdır?”

Kamran Əsədov bildirib ki, burada əsas problem nəzarət və cəza mexanizminin olmamasıdır:

“Daxil olan şikayətlər araşdırılmır, Təhsil Nazirliyi və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsi qeyd edir ki, bu ümumidir, konkret fakt olmadığı halda heç bir araşdırılma aparılmır. Amma hamı bilir ki, uşağın adı və soyadı deyildiyi halda şagirdin başına məktəbdə nə oyun açılacaq, şagird necə sıxışdırılacaq. Təhsil Nazirliyi artıq uzun müddətdir ki, bu prinsiplə işləyir: anonim müraciətlər qəbul edilmir. Mən hesab edirəm ki, vətəndaşlar ona görə anonim müraciət edirlər ki, onlar qurumun obyektiv və şəffaf olacağına şübhə edirlər. Məktəblərdə belə “icraçıların” cəzalandırlmaması, müraciətlərin araşdırılmaması bu kimi halların davamını gətirir. Orta ümumtəhsil məktəblərində bu və ya digər məqsədlər üçün pul yığılması məhz aidiyatı rəhbər təşkilatlarının öz işlərini görməməsinin nəticəsidir və ya laqeyd yanaşmalarının bariz nümunəsidir. Yəni, məktəblərdən daxil olan bütün müraciətlər araşdırılmalıdır. Əgər belə böyük bir qurumun özünün alt-qrumuna nəzarət etmək gücü yoxdursa, bəs vətəndaşlar nə etsinlər?! Təkrar edirəm, bu kimi halların qarşısını almaq üçün mütləq cəza tədbirləri görülməlidir: işdən azadetmə, töhmət, şiddətlə töhmət və s. Əlavə olaraq, valideyn komitələrinə də nəzarət mexanizmi fəaliyyət göstərməlidir. Hədiyyə məsələsi yalnız könüllülük prinsipi əsasında həyata keçirilə bilər”.

Qeyd: Hazırda orta ümumtəhsil məktəblərində çalışan ölkə üzrə 4447 nəfər təhsil işçisinin 81%-ni qadınlar təşkil edir. Bu məsələdə xüsusilə Bakı məktəbləri ilə bağlı şikayətlərin çoxluğunu nəzərə alaraq, bildiririk ki, ümumilikdə 1,6 milyon şagirddən təxminən 440 mindən çoxu Bakıda təhsil alır.