Çin və Rusiyanın rəhbərlik etdiyi Beynəlxalq Ay Tədqiqat Stansiyasının (ILRS) ilkin planlarına Ayın səthində atom elektrik stansiyasının tikintisi daxildir.
Bu barədə çərşənbə günü, aprelin 29-da “Reuters” agentliyi Çinin “Chang’e-8” kosmik missiyasının baş mühəndisi Pei Zhaoyuya istinadən məlumat verib.
Pekinin 2028-ci ildə “Long March 5” raketindən istifadə etməklə buraxılması planlaşdırılan Chang’e-8 Ay missiyası Ayın Cənub Qütbündə yaşayış üçün əlverişli bazanın qurulması üçün zəmin yaratmaq məqsədi daşıyır. Missiya iki mərhələyə bölünür. Birincisi, Ayın resurslarını və relyefini tədqiq etmək üçün eniş aparatının, roverin və robotun buraxılması planlaşdırılır, Çin isə 2030-cu ilə qədər Mengzhou və Lanyue kosmik gəmiləri ilə Aya iki astronavt endirəcək. Atom elektrik stansiyasının tikintisi ilə yanaşı, Pekin və Moskvanın Ay planlarına bazanı enerji ilə təmin etmək üçün böyük günəş panellərinin tikilməsi daxildir.
Gələcəkdə Çin Beynəlxalq Elmi Ay Stansiyası layihəsinə 50 ölkə, 500 beynəlxalq tədqiqat institutu və 5000-ə yaxın xarici tədqiqatçı cəlb etməyi planlaşdırır.
ABŞ-ın da Ayı araşdırmaq üçün öz planları var. Belə ki, Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Artemis proqramına əsasən, amerikalı astronavtlar 2025-ci ilə qədər Aya qayıdacaqlar və uzunmüddətli perspektivdə ABŞ orada daimi baza yaratmağı hədəfləyir.
//Samir Qurbanov, Editor.az