“Qondarma rejimin özünü buraxması müstəqilliyimizi bərpa etdikdən sonra ən böyük tarixi hadisədir”.
Bunu Editor.az-a politoloq Əhəd Məmmədli Separatçıların rəhbəri Samvel Şahramanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında “qərar” imzalaması və Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin özünü buraxdığını elan etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu amil reinteqrasiyanın sürətlənməsinə təkan verə bilər: ” Reinteqrasiya prosesi Qarabağın erməni icmasının könüllü seçimi olacaq. Erməni mənbələrinin məlumatına görə, 50-60 min erməni Azərbaycanı tərk edib. Bu rəqəmin nə qədər doğru olduğu rəsmi mənbələr tərəfindən dəqiqləşdiriləcək. Növbəti mərhələdə zorla öz ata-baba torpaqlarından çıxarılan vətəndaşlarımızın həmin ərazilərə köçürülməsi prosesi baş tutacaq. Onu da qeyd edim ki, Azərbaycan SSR-nin vaxtında Xankəndidə türklərinin yaşadığı məhlə də var idi. Həmin soydaşlarımızın da qayıtması gözləniləndir”.
Əhəd Məmmədli rus sülhməramlılarının da artıq “missiyalarını” yerinə yetirdiklərini düşünür.
//Safura Bənnayeva, Editor.az