“Prezident İlham Əliyev ötən gün Salyanda “AzTV”yə verdiyi müsahibəsində erməni separatçılarına qarşı sərt mövqe sərgiləyərək onlara bir sıra açıq mesajlar verdi. Bu mesajlar Qarabağda yaşayan ermənilərin gələcəyinin necə olacağı ilə bağlı məsələləri özündə əks etdirir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, hazırda orada yaşayan ermənilər bir qrup separatçının girovuna çevrilib:
“Separatçılar özləri üçün qondarma vəzifələr təsis edib öz çirkin niyyətlərinə davam etdirirlər. Amma belə bir vəziyyət həmişə davam edə bilməz. Separatçılar bu gün orada müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına arxalanıb. Onlar bilməlidirlər ki, razılaşmalara əsasən sülhməramlılar ərazilərimizdə müvəqqəti yerləşdirilib və zamanı yetişəndə çıxıb gedəcəklər. Bundan sonra torpaqlarımızda yaşayan ermənilər öz talelərini Azərbaycanla bağlamağa məcbur olacaqlar”.
A.Badamov hazırda genişmiqyaslı antiterror əməliyyatlarının həyata keçirilməsinə ehtiyac olmadığını vurğulayıb:
“Amma separatçıları tərəfindən təxribatların davam etdiriləcəyi təqdirdə antiterror əməliyyatlarının aparılması da istisna deyil. Aydın məsələdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması sülh müqaviləsinin imzalanmasından keçir. Bunun üçün sərhədlər delimitasiya və demakrasiya olunmalı, ölkələr bir-birinin ərazi bütövlüyünü tanıdığını imzalarla rəsmən təsdiq etməlidir. Bu prosesin sürətlənməsi üçün üçtərəfli görüşlər intensivləşməli, müqavilənin predmetinə daxil olunan məsələlər razılaşdırılmalıdır. Əslində Azərbaycanın təqdim etdiyi şərtlər beynəlxalq normalara uyğundur və burada müzakirə olunası məsələ də yoxdur. Hesab edirəm ki, beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlər ikitərəfli görüşlərə keçid etməli və sülh müqaviləsi imzalanmalıdır. Regionumuzun gələcəyi bu baxışlar üzərində qurulmalıdır. Ermənistan bunu nə qədər tez dərk edərsə, bu özləri üçün bir o qədər yaxşıdır”.
//Gülnarə Abasova, Editor.az

