Separatçılar silahı “ruslar üçün” daşıyıb? – Gülünc iddiabackend

Separatçılar silahı “ruslar üçün” daşıyıb? – Gülünc iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş verən təxribat ekofəallarımız artıq 84 gündür ki, Xankəndi yolunda keçirdiyi etirazın nə qədər haqlı olduğunu göstərir. Əslində aksiya Laçın yolundan rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində yerləşən separatçılara külli miqdarda silah-sursatın və digər hərbi təyinatlı yüklərin daşınmasının qarşısını alır. Ona görə də separatçılar alternativ dağ yolundan istifadə ediblər və nəticədə toqquşma baş verdi.

Bu sözləri Axar.az-a Ordumuzun Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasını həyata keçirən erməni separatçı-terrorçularını məhv etməsi haqqında danışan politoloq Turab Rzayev deyib.

Politoloq vurğulayıb ki, Ermənistanın açıq şəkildə separatçıları silahlandırmağa davam etməsi artıq aydın məsələdir:

“Burada iki fərqli məqamın olması mümkündür. Birincisi, Ermənistan öz istəyi ilə separatçılara silah-sursat və hərbi texnika göndərir. İkincisi isə odur ki, bütün bunlar Rusiyanın göstərişi əsasında Gümrüdəki hərbi bazadan göndərilir. Ancaq hər iki halda Ermənistan ərazisindən istifadə olunur. Ona görə də Laçın-Xankəndi yolunun nəzarətimizdə olması çox vacibdir. Ekofəallarımızın keçirdiyi aksiya bütün dünyada və Ermənistanda ciddi narahatlıq doğurub. Əsas səbəb də odur ki, əl-qolları bağlanıb. Azərbaycan Müdafiə Nazirliyi haqlı şəkildə təxribatın layiqli cavabını verib. Burada həm Rusiyaya, həm də Ermənistana mesaj var. Rusiya sülhməramlıları yalnız Azərbaycanın nəzarəti altında Laçın dəhlizindən əvvəldən müəyyən edilmiş, razılaşdırılmış məqsədlər üçün daşınma həyata keçirə bilər. Yəni ermənilərin daşınan silahların rus sülhməramlılarına aid olması haqqında dediyi bəhanələr də bizim üçün keçərli deyil. Çünki əgər belədirsə, onda niyə gizli şəkildə daşınır? Bir də əgər silahlar Ermənistanın təşəbbüsü ilə daşınırsa, bu rəsmi İrəvanın AB missiyasının gəlişindən cəsarətləndiyini və yenə təxribatlara əl atacağını göstərir”.