“Azərbaycan bu ilin aprel ayında Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurmaqla bir çox ölkələrin planlarını pozdu. Bu ölkələrdən biri də Ermənistandır. Əgər Azərbaycan postu davamlı şəkildə mövcud olacaqsa, Qarabağda Xankəndi ətrafında yaşayan ermənilər özbaşınalıq edə bilməyəcəklər, xaricdən hər hansı dəstək, sifariş, silah-sursat göndərilməsi mümkün olmayacaq”.
Bu fikirləri Editor.az-a Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı son vaxtlar Qarabağda separatçıların artan təxribatçı çıxışları və beynəlxalq təşkilatların erməni yönümlü açıqlamalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrin və beynəlxalq təşkilatların məqsədləri Qarabağda erməni mövcudluğunu həm siyasi, həm də hərbi cəhətdən qoruyub saxlamaqdır:
“Öz siyasi maraqlarına uyğun gəldiyi üçün bir sıra ölkələr, təşkilatlar ermənilərin lehinə açıqlamalar verirlər. Qarabağdakı separatçı qruplar da oturaq aksiyalar həyata keçirir, təxribatçı çıxışlar edir, sərhəddə tırlar yerləşdirilir, “Səlibçilər” təşkilatı yaradırlar. Belə bir sual yaranır ki, bununla hansı məqsədi güdürlər? Əgər bu addımlar ermənilərin özünə aid olsa idi, bilərdilər ki, Azərbaycan hər hansı güzəştə getməyəcək. Deməli, bu xaricdən sifariş əsasında həyata keçirilir. Sifarişi verən tərəflər isə Qərb və Rusiyadır. Daşnaksütyun partiyasının nümayəndəsinin vəzifəyə gətirilməsi də böyük həvəslə qarşılandı. Görünür, burada da hər hansı maraq güdülür”.
Politoloq həmin qüvvələrin Qarabağın erməni icmasının guya ağır vəziyyətdə olması ilə bağlı görüntü yaratmağa çalışdığını vurğulayıb: “Azərbaycan öz ərazisini nəzarətə götürür, öz mövqeyində də qalacaq. Ərazilərimizə hər hansı yükün daşınmasına icazə verilməməlidir. Səlibçilər bütün dünyada işğalçı, qaniçən qurum kimi tanınırdı. Xristian dünyası daxilində digər məzhəblərə qarşı da amansız mövqe tutublar. İndi “Səlibçilər” təşkilatı yaradaraq özlərini qaniçənlərlə müqayisə edirlər. Bununla nə mesaj verməyə çalışırlar? Bunlar mənasız cəhdlərdir. Hansısa beynəlxalq təşkilatların, dövlətlərin erməniləri dəstəkləməsinin heç bir əhəmiyyəti yoxdur və Azərbaycanın mövqeyinə təsir etmir “.
//Safura Bənnayeva, Editor.az

