Separatçıların “kitab”ı bağlanır – Bakı və İrəvan tarixi hadisə ərəfəsindəbackend

Separatçıların “kitab”ı bağlanır – Bakı və İrəvan tarixi hadisə ərəfəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni ilin ilk ayındaca Azərbaycan və Ermənistan arasında sülh danışıqları intensivləşə bilər. Həm Bakı və İrəvandan, həm də Moskva, Vaşinqton və Brüsseldən verilən son nikbin bəyanatlar bu qənaəti yaradır. 

Bəs böyük sülh anlaşmasına ən real təhlükə hardan qaynaqlanır, kimdən gəlir?

Sual şübhəsiz, bu il də öz aktuallığını saxlayacaq. Ta ki, Bakı və İrəvan sülh müqaviləsini imzalayanadək. Bu doğrudan da tarixi bir sənəd olacaq və yeni dövrün təməlini qoyacaq. Çünki iki ölkə arasında heç vaxt ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanındığı ikitərəfli sənəd imzalanmayıb.

Bunu sözsüz ki, qonşu xalqların barışığına əngəl olan şeytan xislətlilər hamıdan yaxşı bilir. Odur ki, son anadək əllərindən gələni edəcəklər ki, bölgədə daim müharibə riski qalsın, havadan barıt qoxusu gəlsin, Azərbaycan və erməni xalqları əbədiyyən müharibə vəziyyətində olsunlar, biri-birinə düşmən və qənim kəsilsinlər.

Kimdir bu qüvvələr? Bölgədə dayaqları ciddi şəkildə laxlamış və imperiya maraqlarından əl çəkmək istəməyən, “yaralı ayı”ya bənzəyən Rusiyamı? Həmin Rusiyaya qarşı “ikinci cəbhə” açıb onu regiondan vurub çıxarmağı hədəfləyən ABŞ başda olmaqla Qərbmi? Ya bəlkə Azərbaycanın müstəqilliyini hələ də “həzm edə” bilməyən İran? Bəlkə ölkəmizə ərazi iddiasının yer aldığı indiki Ermənistan konstitusiyası?..

Bir şeyi əminliklə demək olar ki, sülh müqaviləsinin reallaşmamsında ən çox maraqlı olanlar – Ermənistan daxilində xaricdəki lobbiyə və ya Rusiyaya bağlı radikal-revanşistlərdir. Səbəb sadə: ona görə ki, bununla onların “kitabı” həmişəlik bağlanacaq. Odur ki, son “patronlarını” atmağa hazırlaşırlar. Xüsusən də Bakı ilə İrəvan arasında axır vaxtlar birbaşa danışıqların sürətlənməsi, hər iki tərəfdən səslənən ümidverici bəyanatlar şər ünsürlərinin kürkünə əməllicə birə salıb.

Bu da növbəti fakt 

Məlumdur ki, keçən ilsonu rəsmi Bakı sülh müqaviləsi layihəsi ilə bağlı son variantı yekunlaşdıraraq İrəvana qaytarıb. Xarici işlər naziri Ceyhun Bayramov bu xüsusda bildirib ki, Azərbaycan tezliklə yüksək səviyyədə növbəti görüşü gözləyir. İstisna deyil ki, sülh sənədinin qaralama mətni artıq hazırdır və son variantı razılaşdırmağa çox qalmayıb. Bunu həm də ondan görmək olar ki, Bakı və İrəvan imzalanacaq sənədlə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin bir-birinə bağlı olmadığını bəyan edib. Təbii ki, Ermənistandakı qara qüvvələri təmsil edən revanşist-müxalif çevrələr bundan duyuq düşməmiş deyil…

“Azərbaycanın müqavilə ilə bağlı təklifləri Ermənistanın sülh arzusunu ifadə etmir”.

Bunu Qarabağ klanına bağlı radikal “Ermənistan” blokundan olan deputat Qeqam Manukyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, müxalifət blokundakı həmkarları Anna Qriqoryan, Kristin Vardanyan və Artur Xaçatryanla birlikdə Ermənistan XİN-də Bakının son təklifləri ilə tanış olub. “Ayrı-ayrı bəndlərin təfərrüatlarını açıqlamadan bildiririk ki, Azərbaycanın yanaşması və təklifləri heç bir şəkildə ədalətli və davamlı sülhə can atan ölkənin mövqeyini ifadə etmir”, – Manukyan qeyd edib.

Erməni deputatlar əlavə olaraq, birgə bəyanatda bunu da vurğulayıblar ki, “sənədlə ilgili əvvəllər dilə gətirdikləri narahatlıqlar nəinki aradan qalxmayıb, əksinə, daha da güclənib”…

Aydındır ki, revanşist deputatların qarnının sancısı sənəd layihəsində “artsax”ı xatırladan heç nəyin olmamasıdır. Çünki müzakirələr Azərbaycanın 5 məlum baza prinsipi əsasında aparılır ki, orada da gələcəkdə erməni separatizminə zəmin yaradacaq nəsə yoxdur və ola da bilməz.

Məntiqlə, daşnak-radikallar sülh variantını Ermənistan üçün əlverişsiz hesab edirlərsə, demək ki, layihə mətni beynəlxalq hüquqa uyğundur və ədalətlidir. Azərbaycan, lap elə Ermənistan doğru yoldadır.

Maraqlısı həmçinin Ermənistan XİN-in siyasi opponentlərə sənədlə tanış olmaq fürsəti yaratmasıdır. Görünür, rəsmi İrəvan sülh müqaviləsinə görə tarixi məsuliyyəti müxalifətlə bölüşməyə çalışır. Alınacaqmı? Tezliklə görəcəyik…

Musavat.com