Qarabağlı erməni separatçıların reinteqrasiyadan savayı yolu qalmayıb. Alternativ – separatçıların məhv ola biləcəyi hərbi əməliyyatlardır
Xankəndidə yerli bloqer David Minasyanı xüsusi amansızlıqla döyüblər.
Rəsmi versiyaya görə, o, separatçı xuntanın rəhbəri Araik Arutyunyanı parodiya etdiyi üçün “cəzalanıb”.
Lakin Minasyanın döyülmə səbəbi tam başqadır. Avqustun 21-djə, Xankəndidəki “ümumxalq mitinqi” zamanı Minasyan tribunaya çıxaraq demişdi ki, bəs xüsusi anbarlarda külli miqdarda ərzaq ehtiyatlarının saxlanması barədə məlumatı var: “Bu ərzaqların anbarlardan çıxarılaraq dərhal insanlara paylanmasını tələb edirəm. O ərzaq və qida məhsulları dükanlara da verilməlidir ki, insanlar rahatlıqla ala bilsinlər. Dəqiq bilirəm ki, anbarlardan Araikin adamları istifadə edirlər, faydalanırlar”.
Təbii, qarabağlı erməni bloqerin döyülmə faktı “qarabağlı ermənilərin məruz qaldıqları humanitar fəlakət, aclıq və blokada” ilə bağlı dezinformasiyalar yayan, propaqanda aparan siyasətçilər, beynəlxalq təşkilatlar və s. üçün əlverişsiz olaydır. Bu barədə heç nə deyilən deyil.
Belçika və ya Kanadanın XİN başçıları, Fransa prezidenti Emmanuel Makron və ya fransalı senatorlarla bələdiyyə başçıları da Xankəndidəki separatçı xuntanın ərzağı və qida məhsullarını, gündəlik tələbat mallarını və yanacağı xüsusi anbarlarda saxlayıb qəsdən, bilərəkdən əhaliyə paylamadıqlarını, dükanlarda satışa çıxarmadıqlarını da deyən deyillər.
Danimarkanın sabiq baş naziri və NATO-nun sabiq baş katibi Anders foq Rasmussen, yaxud Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo da bəhs etdiyimiz hadisələrlə bağlı nə xüsusi hesabat hazırlamayacaqlar, nə də sosial şəbəkələrdə qəzəbli paylaşımlar edərək beynəlxalq hüququn prinsiplərinin pozulduğunu, insan haqlarının ayaqlar altına atıldığını yazmayacaqlar.
Çünki onlara ermənilər pulu tam fərqli məqsədlərlə fəaliyyət üçün verirlər.
Mifik “aclıq və bolokada” barədə istənilən dezinformasiyanı yaymaq olar, lakin qarabağlı erməni separatçıların özbaşınalıqları və qanusuzluqları barədə real faktlardan bəhs etmək olmaz.
“Oyun qaydaları” belə imiş.
Situasiyanı gərginləşdirən əsas məqam Ermənistanın baş naziri Nikol Paşinyanın tutduğu mövqedir.
Belə ki, o, bu gün yeni absurd və sərsəm açıqlamalarla çıxış edib.
N.Paşinyanın dediyinə görə, “Azərbaycan Laçın yolunu açmağı planlaşdırır. Amma birtərəfli qaydada, yəni sadəcə, qarabağlı ermənilərin Azərbaycanı tərk etmələrinə icazə veriləcək. Ermənistandan Xankəndinə giriş isə yasaq qalacaq”.
O, daha sonra bildirib ki, “rəsmi İrəvan yekun sülh sazişi ilə bağlı Bakıya yeni təkliflərini yollayıb”.
Paşinyan daha sonra deyib: “İrəvanın mövqeyi dəyişməzdir: Ermənistan əhalisinin hüquq və təhlükəsizliyi məsələləri Xankəndi-Bakı dialoqu ilə həll edilməlidir. Bunun üçün beynəlxalq mexanizmin iştirakı lazımdır. Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınmasından bu yana 5 minə yaxın, 2020-ci il noyabrın 9-dan isə daha 30 minə yaxın Qarabağ sakini Ermənistanda qalıb. Dağlıq Qarabağda humanitar vəziyyət gərgin olmaqda davam edir, 400 ton yük daşıyan humanitar karvan hələ də Laçın dəhlizinin yaxınlığından keçidi gözləyir. Eyni zamanda, Bakının əsas məqsədi erməni əhalisini etnik təmizləmə yolu ilə Qarabağdan qovmaqdır”.
Ermənistanın baş naziri əslində, həmişə olduğu kimi, yalan danışır, marazmatik aberrasiyalara qapılır. Laçın yolu heç vaxt bağlı olmayıb və ermənilərin hər gün “Laçın” postundan keçidləri ilə bağlı onlarla videoçəkiliş mövcuddur.
Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi başlayandan sonra dövlətimizin ümumvətəndaş pasportunu alan və ölkənin qanunvericiliyinin şərtləri çərçivəsində yaşamağa razılaşan ermənilər təbii ki, istədikləri zaman Ermənistana gedib gələ bilərlər.
Lakin Ermənistan pasportundan imtina etməyən və reinteqrasiyadan boyun qaçıraraq Azərbaycan vətəndaşı olmaq istəməyən qarabağlı ermənilər isə Ermənistana yollanmaq istəsələr, dünyanın istənilən başqa ölkəsində üzləşəcəkləri problemlərlə qarşılaşacaqlar. Çünki onlar Azərbaycan ərazisində qanunsuz miqrantlar qismində kompakt yaşayan xarici ölkə vətəndaşları sayılacaqlar.
Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan qarabağlı ermənilər arasında qorxu, ümidsizlik və təlaş sürətlə artmaqdadır. Situasiyanı gərginləşdirən əsas məqamlardan biri isə Xankəndidəki xunta daxilində müşahidə olunan qarşıdurmaların, didişmələrin və intriqaların intensivliyinin artmasıdır.
Xuntanın rəhbəri Araik Arutyunyan qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinin başlanmasını bundan sonra da əngəlləmək, imkan yaranarsa ümumiyyətlə, başlamamaq niyyətində deyil.
Onun planlarına görə, reinteqrasiya ilə bağlı rəsmi Bakı ilə danışıqlarda qarabağlı ermənilərin nümayəndə heyətinə Samvel Babayan rəhbərlik etməlidir.
S.Babayanın son həftələrdə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ifrat aktivlik nümayiş etdirərək “Bakı ilə danışıqlar aparmağa ən layiqli fiqur mənəm” messicini verməyəç çalışırdı.
Qarabağlı separatçıların səmimiliyinə və qəflətən reallıqları anlayaraq danışıqlara hazır olmaları ilə bağlı bəyanatlarına inanmağa dəyməz.
Daha doğrusu, belə açıqlamalarla bəyanatlar ənənəvi erməni məkridir və ermənilərin “səmimiyyət”i ilə indiyədək çox qarşılaşmışıq.
Araik Arutyunyanın ilk baxışdan təəccüblü təsir bağışlayan bəyanatları, davranışı, habelə Samvel Babayanın açıqlamaları əslində gözlənilən hadisələrdir.
Xankəndidəki xuntada indi çox ciddi parçalanmalar, qarşıdurmalar və rəqabət yaşanır.
İki qütbə ayrılmış separatçıların bir tərəfinə Araik Arutyunyan və Ermənistanın baş naziri Nikol Paşinyanın bilavasitə təlimatları əsasında göndərilən əmrlər əsasında hərəkət edən fiqurlar, digər tərəfdə isə Rusiya Federasiyasından Xankəndinə konkret tapşırıqlarla ezam edilmiş milyarder Ruben Vardanyanla onun dəstəsi var.
Hər iki qruplaşma qarabağlı erməniləri idarə etmək və gələcək danışıqlarda profisitlər əldə etmək üçün amansız mübarizə aparırlar.
Ruben Vardanyan üçün indiki situasiya gələcəkdə Ermənistanda hakimiyyət uğrunda mübarizə aparmaq və Nikol Paşinyanı iqtidardan kənarlaşdırmaq üçün siyasi tramplin qismində görünürsə, Araik Arutyunyan siyasi və fiziki mövcudluğunu təmin etmək məqsədilə vəziyyətdən maksimum dərəxədə yararlanmaq niyyətindədir.
Samvel Babayana gəldikdə isə, onun üç məqsədi var:
1. Reinteqrasiya ilə bağlı danışıqlar prosesinə istənilən statusla qatılmaqla Azərbaycanda hərbi cinayətlərinə görə həbsdən və məsuliyyətdən yaxa qurtarmaq şansı
2. Ruben Vardanyanın dəstəsinin hədələrindən qurtularaq öz təhlükəsizliyini təmin etmək imkanı
3. Ağdam-Xankəndi marşrutu işə düşəndən sonra Azərbaycandan alınacaq yanacağın hazırda RSK nəzarətində olan ərazilərdə satışına tam nəzarət hüququ
Araik Arutyunyanla Samvel Babayan hələlik situativ mütttəfiqlər kimi səylərini birləşdirərək Nikol Paşinyanın komandasından alınan təlimatları icra etməyə və Ruben Vardanyanın situasiya təsir imkanlarını zəiflətməyə çalışırlar.
Onlar reinteqrasiya ilə bağlı danışıqlarda rəsmi Bakı ilə “qarşı tərəf” qismində masa arxasınqda olacaqlarını düşünürlər.
Fəqət, beldə olmayacaq.
Azərbaycan heç bir separatçıya danışıqlar və ya müzakirələr prosesində onunla bərabər hüquqlu tərəf kimi dialoq qurmağa imkan verməyəcək.
Qarabağlı separatçılar Paşinyandan aldıqları dəstəyə rəğmən, bunu unutmasınlar.
TREND