Separatçını Kremlə çağırdılarbackend

Separatçını Kremlə çağırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Moskvanın məsləhət bildiyi senari əsasında Qarabağdakı separatçılarla bağlı hansısa oyunlar gedir”
 
“Hətta separatçılar sabah Xankəndini tərk etmək qərarı alsalar belə Moskva buna imkan verməz. Torpaqlarımızdan erməni hərbi birləşmələrinin çıxarılmasını qətiyyətlə tələb etməliyik”
Xankəndidəki keçmiş qondarma rejimin “rəhbəri” Araik Arutyunyan təcili Moskvaya çağırılıb. Erməni mənbələr yazır ki, baş separatçının Rusiya xüsusi xidmət orqanları ilə görüşləri olacaq. İddia olunur ki, ruslar Araikin Nikolun göstərişləri ilə hərəkət etməsindən narazıdır və onu əvəzləyənə qədər nəzarətdə saxlamaq istəyirlər. Vurğulanır ki, Moskva erməni hərbçilərin Qarabağdan çıxarılmasından – Ermənistanın hərbi varlığının bitməsindən sonrakı dövrə hazırlaşır. Müharibədən sonra separatçı Arutyunyan Moskvaya bir neçə dəfə gizli səfər edib.
Təbii ki, barəsində cinayət işi açılmış quldurun Rusiyaya sərbəst gediş-gəlişinə imkan yaradılmasının özü ayrıca problemdir. Ancaq indiki məqamda separatçını Kremlə aparan başqa mühüm səbəblər də olmamış deyil. Görünür, Moskvanın məsləhət bildiyi senari əsasında Qarabağdakı separatçılarla bağlı hansısa oyunlar gedir.
Arutyunyanın Rusiyaya gözlənilən səfərini “Şərq”ə təhlil edən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, Rusiya yenə də Qarabağ kartından istifadə edərək özünün Cənubi Qafqazdakı varlığını davam etdirmək niyyətindədir. Partiya sədrinin sözlərinə görə, Moskva yaxşı anlayır ki, Qarabağ məsələsi birdəfəlik həll olunsa, proses yekun sülh müqaviləsi ilə bitsə, Kremlin regionda təsir imkanları qalmayacaq:
“Rusiya bu problemin maksimum qalmasında maraqlıdır. Qarabağ məsələsi Rusiyaya xeyirdən çox ziyan gətirməyənədək Kreml bu kartı əlindən verməyəcək. Rəsmi Bakı yaxın müttəfiqləri ilə Rusiyanı seçim qarşısında qoymalıdır. Elə vəziyyət yaratmalıyıq ki, Moskva özü könüllü şəkildə Qarabağdakı konfliktdə maraqlı olmasın. Bilsin ki, bölgədə gərgin vəziyyətin qalması Kremlin maraqlarına daha ciddi zərər vuracaq. Mövcud siyasi konyukturada bunu etməyimiz mümkündür. Hazırda Ukrayna və digər məsələlərə görə, Rusiya təklənib, ona qarşı Qərbin koalisiyası formalaşıb”.
T.Abbaslının qənaətincə, Moskva Arutyunyanı qeyri-rəsmi də olsa Qarabağdakı ermənilərin təmsilçisi sayır:
“Bu da bölgədə Rusiyanın varlığını təmin etməyə hesablanmış addımdır. Qarabağda ermənilər olmazsa, ruslar hansı səbəblə bölgədə qala bilər? Hətta separatçılar sabah Xankəndini tərk etmək qərarı alsalar belə Moskva buna imkan verməz. Torpaqlarımızdan erməni hərbi birləşmələrinin çıxarılmasını qətiyyətlə tələb etməliyik. Konkret vaxt təyiin etməliyik.
Əgər təyin olunmuş günədək erməni quldurları ərazilərimizi tərk etməzsə, anti-terror əməliyyatına başlamalıyıq. O zaman Rusiya da buna mane ola bilməyəcək. Rusiyanı neytrallaşdırmaq üçün beynəlxalq birliyi yanımıza çəkməliyik. Bir məqamı da vurğulayım ki, separatçını beynəlxalq axtarışa versək də, fakt odur ki, Arutyunyan bizim ərazimizdə sərbəst gəzib-dolaşır. Bunun qarşısını ala bilmiriksə, separatçının Moskvaya gedişinə necə mane olaq?! Adama deyərlər, həbs edin, o da heç yerə gedə bilməsin”.