Serbiya Avropa Birliyinə üzv olarsa, bu ölkə Avropa daxilində Rusiyanın “Troya atı”na çevriləcək.
Editor.az bildirir ki, bu sözləri Avropa Şurasının xarici əlaqələr komitəsinin Balkanlar üzrə eksperti Maida Ruge CNN telekanalına müsahibəsində deyib. “Fərz etsək ki, biz Serbiyanı möcüzəvi şəkildə Aİ-yə qəbul edirik.
Bu o demək olacaq ki, siz indiki hökumətlə Macarıstanın baş naziri Viktor Orbanın simasında olduğu kimi, praktiki olaraq daha bir rus “Troya atı”nı Aİ-yə daxil edəcəksiniz”, – Ruge vurğulayıb.
Onun sözlərinə görə, Qərb Serbiyanın Aİ-yə üzvlüyünü vəd etməklə Avropaya “Rusiya təsirini” idxal edir. Britaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Alisiya Kirns hesab edir ki, onlar Avropa İttifaqına üzvlüklə Serbiyanı NATO-ya yaxınlaşdırmağa çalışırlar, lakin bu zaman prezident Aleksandr Vuçiç Qərbin “üzünə gülür”.
Xatırladaq ki, bir müddət əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Qərbin güclü təzyiqlərinə baxmayaraq, ölkənin anti-Rusiya sanksiyaları məsələsində mövqeyini dəyişməyəcəyini bildirmişdi.
//Samir Qurbanov, Editor.az