Aprelin 6-da axşam saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya işgüzar səfərə gəlib. O, aprelin 6 və 7-də Türkiyədə olacaq. Səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə həyata keçirilir.
Nazirlərin işçi görüşünün gündəliyinə Türkiyədə Akkuyu AES-in tikintisi, taxıl ixracı müqaviləsi, Ukrayna və Suriyadakı böhranlar, Cənubi Qafqazdakı vəziyyət daxildir.
Bundan əlavə, Lavrov və Çavuşoğlu iki ölkə arasında iqtisadi və enerji əməkdaşlığı, Türkiyə kurortlarında rusiyalı istirahət edənlərin təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. Türkiyə xarici işlər nazirinin sözlərinə görə, Qara dəniz təşəbbüsünün uzadılması imkanlarının müzakirəsi Ankarada keçiriləcək görüşün prioritetlərindən biridir. Türkiyə tərəfi ötən il iyulun 22-də imzalanan taxıl ixracı müqaviləsinin mümkün qədər uzun müddət qüvvədə olmasında maraqlıdır. Müqavilə bir neçə dəfə uzadılıb, ən son martın ortalarında, Rusiyanın təşəbbüsü ilə 60 gün uzadılmasına qərar verilib.
//Samir Qurbanov,Editor.az

