Sergey Lavrov Bakıya NİYƏ GƏLİR?- “Görüşdə mühüm qərarlar qəbul edilə bilər”backend

Sergey Lavrov Bakıya NİYƏ GƏLİR?- “Görüşdə mühüm qərarlar qəbul edilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. XİN başçısının Bakıya işgüzar səfəri 23-24 iyun tarixlərinə planlaşdırılıb.

Lavrovun Azərbaycanda mühüm mövzular ətrafında danışıqlar aparacağı bildirilir, lakin səfərin proqramı hələlik məlum deyil. İrəvan səfərindən sonra rusiyalı nazirin Azərbaycana hansı təklifləri gətirməsi maraq doğurur.

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki,  Rusiya XİN rəhbərinin Azərbaycana səfəri önəmli bir dövrə təsadüf edir:

” Rusiyanın moderatorluğu altında sərhədlərin delimitasiyası üzrə işçi qrupunun  sərhəddən sonra Moskvadakı görüşü baş tutdu. Bundan sonra da Azərbaycan-Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupların növbəti müzakirələri davam edəcək. Eyni zamanda Azərbaycan-Türkiyə Prezidentləri tərəfindən irəli sürülən “3+3” platforması ətrafında da görüşlərin davamlılığı labüddür. Bu baxımdan hal-hazırda “3+2″ kimi davam edən bu formatın gələcəyi baxımından da Lavrovun Bakı səfərində mühüm məsələlərə toxunulacaq. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsindən sonra dünyada ərzaq zəncirinin üzləşdiyi problemlərlə bağlı da konkret əməli addımlar atılmalıdır. Türkiyənin vasitəçiliyi ilə bu istiqamətdə Türkiyə-Rusiya danışıqlarında pozitiv irəliləyişlər artıq qeydə alınıb və  Qara Dəniz limanlarından buğdanın dünyaya təhlükəsiz ixracı ilə bağlı işlərə start verilib. Hesab edirəm ki, özəlliklə  IX Qlobal Bakı Forumu çərçivəsində də dünyanı gözləyən ərzaq böhranı ilə bağlı cənab Prezident tərəfindən verilən proqnozlar istiqamətində müzakirələrin labüd olduğunu göstərir. Həmçinin Qarabağın kiçik bir hissəsində rus sülhməramlılarının müvəqqəti fəaliyyət zonasında bəzən Azərbaycan ictimaiyyətini narazı salan məqamlar qeydə alınır və düşünürəm ki, Sergey Lavrovun Bakıya iki günlük səfərində müzakirə olunacaq məsələlərdən biri də bu olacaq. Keçən ilin dekabrında Azərbaycanla Rusiya arasında imzalanan strateji müttəfiqlik bəyannaməsindən doğan müddəaların da yerinə yetirilməsi ilə bağlı və bundan sonra hansı işlərin görüləcəyi məsələləri müzakirə oluna bilər. Belə həssas bir dövrdə Rusiya xarici işlər  nazirinin Azərbaycana iki günlük səfərinin mühüm əhəmiyyəti olduğunu hesab edirəm. Bu səfər özlüyündə yalnız Azərbaycan-Rusiya münasibətləri baxımından deyil, həm də regional və qlobal anlamda mühüm qərarların qəbul edilməsi ilə nəticələnə bilər”.

//Gülnarə Abasova, Editor.az