Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb. Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin – 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək.
Mövzu ilə bağlı Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşü çərçivəsində toxunulan mühüm məqamlar ötən bir il ərzində Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik və münasibətlərin inkişaf etdirilməsi ilə dair sazişin uğurla icrasından xəbər verir:
“Rusiya Azərbaycanla qonşu dövlətdir və tərəflər arasında iqtisadi münasibətlər mövcuddur. Bu əlaqələrin inkişafı günü-gündən artmaqdadır. Azərbaycan Rusiyanın dəstəyinin Ermənistanla münasibətlərinin normallaşma prosesi və sülhün əldə edilməsində böyük rol oynadığını hesab edir. Rəsmi Bakı bütün qonşuları ilə münasibətlərin inkişaf etdirilməsinə, daha da yaxşı səviyyədə olması üçün səylərini artırır. Bu görüş zamanı Sergey Lavrov da Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük əhəmiyyət verildiyini bildirib. Rəsmi Bakı ilə İrəvanın münasibətlərinin normallaşmasında Rusiya prezidenti Vladimir Putinin də maraqlı olduğunu diqqətə çatdırıb”.
Deputat Lavrovun Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla da görüşünü diqqətə çəkib:
“Bir çox məsələlər gündəm mövzusudur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, rus sülhməramlılarının Qarabağ ərazisində fəaliyyəti, tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün lazım olan əsas şərtlər, iqtisadi, siyasi məsələlər hər iki nazir tərəfindən müzakirə edilib. S.Lavrovun ölkəmizə səfəri münasibətlərin yaxşılaşmasına və inkişafına xidmət göstərəcək”.
//Safura Bənnayeva, Editor.az