“Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribat birbaşa olaraq sülh prosesinə qarşı yönəlib. Ermənistanda həm hakimiyyət, həm də müxalifət hazırda sülh prosesinin uğurlu yekunlaşmasında qətiyyən maraqlı deyil”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını gələcəyə daşımaq istəyir:
” Ona görə də sülh prosesinin ləngiməsində və hətta pozulmasında maraqlı tərəf kimi çıxış edir. Bu maraqlar yalnız Ermənistana aid deyil. Eyni zamanda ABŞ, Avropa Birliyi, Fransa hətta Rusiya belə Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında qətiyyən maraqlı deyillər. Çünki bu sazişin imzalanacağı təqdirdə bu dövlətlərin və AB-nin Cənubi Qafqaza təsir mexanizmləri yox olmuş olur. Ona görə də onlar öz iştirak iddialarını təmin etmək, geopolitik maraqlarını reallaşdırmaq üçün Cənubi Qafqazda hərbi-siyasi gərginliyin olmasında, silahlı insidentlərin baş verməsində tamamilə maraqlıdırlar. Bu baxımdan Ermənistanın sonuncu hərbi təxribatına ölkənin hərbi-siyasi rəhbərliyi ilə yanaşı, ABŞ, AB, Fransa, Almaniya, bu tipli digər ölkələr və beynəlxalq qurumlar məsuliyyət daşıyırlar. Bütün bu silahlı insidentin də törədilməsinin planlı şəkildə baş verdiyi açıq-aşkar ortalıqdadır. Çünki insident öncəsi bir çox əlamətlər var idi. Məsələn, Avropa Birliyinin müşahidəçiləri sərhəd bölgəsində xüsusi şəkildə fəallaşmışdılar, Fransanın generalları sərhəd bölgəsində müşahidələr aparırdı, çexiyalı kəşfiyyatçı minalanmış zonaları rahatlıqla keçərək Azərbaycan ərazisinə sızmışdır. Eyni zamanda, Fransanın hərbi peykləri Azərbaycan ərazisi üzərində peyda olmuşdur. Nəhayət ən qəribə və təəccüblü məqamlardan biri silahlı insident ərəfəsində ABŞ-ın İrəvandakı səfirliyi öz əməkdaşlarına və ABŞ vətəndaşlarına Azərbaycanla Ermənistan sərhəd bölgələrinə səfər etməməklə bağlı xəbərdarlıq etmişdilər. Bu, çox qəribə bir çağırış idi. Onlar hardan bilirdilər ki, həmin zonada silahlı insident baş verə bilər? Deməli bunlar əvvəlcədən planlı şəkildə hazırlanmış bir təxribatdır. Ancaq belə anlaşılır ki, Ermənistanı ciddi şəkildə yeni müharibəyə hazırlayırlar və bu müharibənin də sayəsində özləri Cənubi Qafqazda sülhü bərqərar etmək üçün səy göstərən bir tərəf kimi təqdim etməyə çalışırlar. Rəsmi Bakı bu mövzuda qəti şəkildə öz mövqeyini ortaya qoyub”.
E. Xalidbəylinin sözlərinə görə, Ermənistan tərəfindən atılacaq hər hansı bir təxribatçı addıma Azərbaycan Silahlı Qüvvələri hər zaman adekvat cavab verəcək:
“Azərbaycan dövləti milli təhlükəsizlik maraqlarının qoruması baxımından atdığı addımlarda tamamilə haqlıdır. Hesab edirəm ki, Ermənistanın hərbi təxribatı həm də gələcəkdə törədilməsi planlaşdırılan yeni regional müharibəyə hazırlıq və onun test olunması, Azərbaycanın verəcəyi reaksiyasını bir daha ortaya çıxartmaqdır. Ermənistan və digər qüvvələr Azərbaycan Ordusunun gücünü bir daha gördü. Düşmən baş verənlərdən nəticə çıxartmalıdır. Ermənistanı Azərbaycana qarşı silahlı qarşıdurmaya sövq edənlər əslində elə onun üçün çox ciddi problemlər yaradırlar. Rəsmi İrəvanın indiki situasiyada maraqlarına cavab verən məsələ Azərbaycanla sülh sazişini imzalayıb dinc inkişaf mərhələsinə qədəm qoymaqdır. Bunun da xüsusi şərtləri var və Nikol Paşinyan hakimiyyətinin bu şərtlərə hansı səviyyədə riayət etməsindən aslı olaraq Cənubi Qafqazdakı sülh prosesinin gələcək taleyi həll olunacaq”.
//Gülnarə Abasova, Editor.az

