“Qəhrəman Azərbaycan ordusunun, Ermənistan, qondarma rejim və onların havadarları üzərində qazandığı parlaq qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Cənubi Qafqazda qüvvələr nisbəti Azərbaycan-Türkiyə ittifaqının xeyrinə köklü surətdə dəyişdi. Bu dəyişiklik nəticəsində regiona təsir rıcaqlarını itirən qüvvələr, eləcə də onilliklər boyu erməniləri saxta və yalan vədlərlə aldadan radikal ünsürlər ara qatmağa,suyu bulandırmağa cəhd göstərirlər”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, 44 günlük savaşdan sonra Ermənistan uğrunda böyük geopolitik savaşın başladığı aşkardır:
“Ermənistan yaranmış reallığı doğru oxuya, dəyərləndirə bilməsə, bu, onlara formal müstəqilliklərini belə itirmək təhlükəsi yarada bilər. Müşahidələr göstərir ki, başda Paşinyan olmaqla, hazırkı Ermənistan rəhbərliyi sülh müqaviləsini imzalamağa niyyətli görünürlər, başqa yolun olmadığını anlayırlar.Amma hazırki iqtidarın ölkəyə,başı pozuq orduya tam nəzarət edə bilməməsi də bir reallıqdır. Sərhəddəki mütəmadi və provokativ atışmalar da Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsini əngəlləmək, ləngitmək məqsədi daşıyır.Bu da bir həqiqətdir ki, erməni hiyləgərliyi həmişə olub, bu gün də var. Bu həqiqəti göz önündə tutmaq və ehtiyatlı olmaqda fayda var. Ermənilər gec ya tez, Azərbaycanın tələblərini özündə ehtiva edən sülh müqaviləsini imzalayacaq, amma nə qədər tez imzalasalar onlar üçün bir o qədər yaxşı olar”.
F.Məhərəmmli onu da vurğulayıb ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avropanın enerji təhlükəsizliyində ciddi problemlər və boşluqlar yaratdı:
“Bu problemlər Avropanı yeni enerji qaynaqları və koridorları axtarışına vadar etdi. Həm enerji qaynağı, həm də enerji koridoru, eləcə də etibarlı tərəfdaş baxımından Azərbaycan önəmli ölkəyə çevrilib.Yaxın gələcəkdə Türkmən qazının da məhz ölkəmiz üzərindən Avropa bazarlarına ötürülməsi gündəmdədir. Erməni xalqı,onun deyil, başqa ölkələrin maraqlarına xidmət edən radikal, faşist qüvvələrə meydan verməsə, sülhə tərəfdar olduğunu nümayiş etdirsə, bu böyük enerji layihələrindən faydalana bilər. Bir sözlə, ermənilərin də, Ermənistanın da nicatı sülh müqaviləsini imzalamaqdan keçir, əks-təqdirdə onların fəlakəti qaçılmazdır”.
//Gülnarə Abasova, Editor.az

