Yaxın Şərqdə siyasi vəziyyət mürəkkəb olaraq qalır. Ötən həftə, İranın İsrail ərazisinə kütləvi raket hücumlarından sonra Tel-Əviv rəsmiləri cavabın çox sərt olacağını açıqladı. İsrailin başda neft rafinələri və hərbi bazalar olmaqla, İran ərazisində yerləşən bir sıra strateji əhəmiyyyəti yüksək obyektlərə dağıdıcı zərbələr endirəcəyi ehtimal edilir.
Bir sıra Qərb hərbi-siyasi analitiklərinin fikrincə, Tehran bu hücumlar qarşısında qətiyyətli müdafiə texnikalarına malik deyil. Bunun əvəzində isə İsrailin olduqca güclü və müasir standartlara cavab verən uzaqmənzilli raketlərə malik olması bilinən həqiqətdir. İran ərazisinin geniş olması və mühüm strateji obyektlərin ölkə boyunca səpkili formada yerləşməsi, Tel-Əvivi daha genişmiqyaslı hücumlara sövq edə bilər.
Neft və qaz layihələrinin əsasən cənubda olması və önəmli liman məntəqələrinin də məhz Fars körfəzində yerləşməsi ilkin hücum hədəflərini məhz bura yönləndirir. İranın nüvə obyektləri isə ölkənin mərkəzində təchiz olunub, lakin həm yerin olduqca dərinliyində saxlanılması, həm də bu kimi obyektlərə hücumun digər ölkələr tərəfindən ciddi etirazlara səbəb olması ehtimalı Tel-Əvivi bu tip hücumlardan çəkindirir. Bu baxımdan əsas hücum hədəflərinin sadəcə hərbi obyektlər və neft-qaz layihələri olduğunu deyə bilərik.
Digər önəmli məsələ isə, İranın önəmli strateji obyektlərinin bir qisminin məhz cənubi Azərbaycan ərazisində yerləşməsidir. İranın burada inzibati olaraq, 4 ostanı yerləşir. Bunlar Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanlarıdır. Böyüklük və önəminə görə İranın ən böyük ikinci raket bazası Təbriz şəhərinin yaxınlığındadr. Bu bazada “Şahab-1”, “Şahab-2” və Şahab-3” ballistik raketləri və onların daşıyıcı avadanlıqları saxlanılmaqdadır. Təbrizdə həmçinin İranın ən böyük hərbi hava bazalarından biri mövcuddur. Sadalanan hər 4 ostanın müxtəlif yerlərində atıcı silahların anbarlarının olması bu əraziləri də İsrailin mümkün zərbə hədəflərindən birinə çevirir. Ümumi arealda, İranın şimal-qərb ərazilərində yerləşən hərbi-strateji obyektlər olduqca çoxdur. Həmçinin burada bir sıra neft-kimya sənayesinə aid müəssisələr və neftayırma zavodları yerləşir.
Hazırda sözügedən regionun ən böyük şəhəri də məhz Təbrizdir. Şəhərin əhalisi son rəqəmlərə əsasən, 1.5 milyon nəfərdir. Təbriz İran miqyasında böyüklüyünə görə 6-cı yerdə dayanır. Lakin bu şəhərin İran üçün həm siyasi, həm tarixi, həm də strateji əhəmiyyəti müqayisəolunmazdır. Ən əsası isə, başda Təbriz olmaqla, yuxarıda qeyd etdiyimiz 4 ostanın əhalisinin mütləq əksəriyyəti məhz azərbaycanlılardır. İsrailin ola biləcək hər hansısa hücumu soydaşlarımız üçün ciddi problemlərə səbəb ola bilər. Hətta belə bir təhükə zamanı kütləvi miqrasiya da istisna deyil. Bu zaman soydaşlarımızın ilk üz tutacağı ölkə Azərbaycan ola bilər. Görünən odur ki, bölgədə irimiqyaslı müharibə bütün dövlətlər üçün böyük təhlükə vəd edir.
Yenisabah.az