İranın Buşehr Atom Elektrik Stansiyası (AES)ətrafında hadisələr ən pis ssenari üzrə inkişaf edir. TASS-ın məlumatına görə, bunu “Rosatom”un baş direktoru Aleksey Lixaçov bildirib. O vurğulayıb ki, Fars körfəzi bölgəsindəki münaqişə fonunda vəziyyətin gərginləşməsi stansiyanın yaxınlığında mənfi nəticələrə gətirib çıxarır.
Qeyd edək ki, Buşehr nüvə elektrik stansiyasının fiziki təhlükəsizlik perimetrinə zərbə endirilib. Lixaçov bildirib ki, bu hadisə stansiyanın təhlükəsizlik xidmətində çalışan İran vətəndaşının ilk ölüm faktıdır və bu da nüvə hadisəsi ehtimalının getdikcə artdığını göstərir. Hadisədən dərhal sonra Rusiya Buşehrdə çalışan 200 nəfərə yaxın atom mütəxəssisinin təxliyəsinə başlayıb.
Bəs nüvə təhlükəsi nə dərəcədə ciddidir və Azərbaycana təsirləri ola bilərmi?

Nüvə alimi, akademik Adil Qəribov Musavat.com-a bildirib ki, indiki gərgin durumda Buşehr AES-lə bağlı Rusiya tərəfindən, eləcə də İran tərəfindən verilən açıqlamalar aydın və başa düşüləndir:
“Çünki reaktoru Rusiya tikib, Rusiya istifadəyə verib və onu istismar rejiminə də Rusiya hazırlayıb. Orada rus mütəxəssisləri çalışır və reaktorun idarə olunmasında da onlar iştirak edirlər.
Digər tərəfdən, Rusiya ilə İran strateji əməkdaşlıq müqaviləsi çərçivəsində strateji tərəfdaşdırlar. Ona görə də İran anlayır ki, ölkə ərazisinə hücumlar olub, böyük ziyan vurulub, şəhərlər dağıdılıb və əhali arasında itkilər var. Belə bir vəziyyətdə istənilən məlumat və ya hadisə daha həssas şəkildə qiymətləndirilə bilər. Bu vəziyyət müəyyən mənada Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası ətrafında yaşanan hadisələri xatırladır”.
Akademikin sözlərinə görə, Amerika və ya İsrail kimi dövlətlərin atom elektrik stansiyasının reaktoruna qəsdən zərbə endirməsi real görünmür:
“Beynəlxalq səviyyədə müqavilələr var. Atom və təhlükəli texnologiya qurğularına, sistemlərinə hərbi əməliyyat zamanı hücum edilməməlidir. Çünki ətraf mühitin və dinc əhalinin qorunması məsələsi müharibə dövründə də xüsusi diqqət tələb edir. Bununla belə, müasir müharibələrdə bəzən beynəlxalq hüququn prinsipləri də pozulur. Bu gün şəhərlər vurulur, dinc obyektlər hədəfə alınır. Halbuki beynəlxalq razılaşmalara görə, dinc əhalinin yaşadığı ərazilər və onlara aid infrastruktur vurulmamalıdır. Amma təəssüf ki, bunun əksini də görürük”.
Adil Qəribovun qənaətincə, müasir silahların dəqiqliyi əvvəlki dövrlərlə müqayisədə çox yüksəkdir:
“Bu gün həm quru əməliyyatları aparılır, həm də təyyarələrdən və dronlardan istifadə olunur. Hədəfi vuran raketlər yüksək dəqiqliyə malikdir və əsasən konkret hədəfi vurur”.
Onun sözlərinə görə, ABŞ, İsrail və İran MAQATE-nin üzvüdür. Bu baxımdan o, hesab edir ki, İranın nüvə obyektinə zərbə endirilməsi inandırıcı deyil.
“ABŞ MAQATE-ni maliyyələşdirən əsas dövlətlərdən biridir və bu sahədə qəbul olunan normativ sənədlərin hazırlanmasında iştirak edib. Ona görə də ABŞ-ın qəsdən atom elektrik stansiyasına zərbə endirməsi ehtimalı çox aşağıdır”, – deyə Adil Qəribov bildirib.
Alimin fikrincə, zərbələr daha çox stansiyanın ətrafındakı obyektlərə dəyə bilər.
“Zaporojye AES ətrafında da belə hallar olmuşdu. Kənardakı saxlama anbarlarının yaxınlığına zərbələr endirilirdi. Amma işləyən reaktoru vurmurdular. Çünki fəaliyyətdə olan reaktora zərbə endirmək Allah göstərməsin, çox böyük qlobal böhran deməkdir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, reaktorun daxilində çox böyük miqdarda nüvə materialı var və belə bir obyektə zərbə dəyərsə, nəticələri çox ağır olar. Eyni zamanda, alim təxribat ehtimalını da istisna etmir:
“Üçüncü qüvvələr təxribat törədərək məsuliyyəti başqa dövlətlərin üzərinə atmağa çalışa bilər. Belə bir ssenari baş verərsə, vəziyyət daha da gərginləşə bilər”.
Adil Qəribova görə, belə bir qəza baş verərsə, ilk növbədə İran və İrana yaxın ölkələr radioaktiv çirklənmə riski ilə üzləşə bilər. Azərbaycana təsirlərə gəlincə isə alim bildirib ki, risk çox aşağıdır:
“Küləklərin istiqaməti və məsafə nəzərə alınarsa, Azərbaycan ərazisinin ciddi radioaktiv çirklənməsi ehtimalı çox zəifdir. Ən yaxşı halda müəyyən zəif izlər gələ bilər”.
Alim, həmçinin, xatırladıb ki, Çernobıl qəzasından sonra radioaktiv çirklənmə Skandinaviya ölkələrində, hətta Lənkəran zonasında, Türkiyənin Trabzon-Rizə bölgəsində müəyyən radioaktiv izlər aşkarlanmışdı.
“Bu araşdırmalar mərhum akademik Cəlal Əliyevin rəhbərliyi ilə aparılmışdı. Həmin dövrdə müəyyən radioaktiv izlərin Lənkəran zonasına qədər gəlib çatdığı müəyyən olunmuşdu. Amma radioaktiv çirklənmə təhlükəli səviyyədə deyildi”, – deyə alim vurğulayıb.
Lakin A.Qəribova görə, radioaktiv çirklənmə dərhal ölüm demək deyil:
“Lakin belə hallarda çirklənmiş ərazilərin uzun müddət təmizlənməsi tələb olunur. Buşehr atom elektrik stansiyasının reaktoru Rusiya tərəfindən müasir texnologiyalar əsasında tikilib və çox güclü qoruyucu sistemlərə malikdir. Reaktorun üzərində iki qoruyucu beton təbəqə var. Hər hansı bomba düşsə belə, bu qoruyucu qatlar onu saxlamalıdır. Aktiv zona da xüsusi müdafiə sistemləri ilə qorunur”.
Alimin fikrincə, ən böyük təhlükə reaktorun idarə olunmasının dayanmasıdır:
“Çernobıl və Fukusima qəzalarında əsas səbəb soyutma sisteminin sıradan çıxması olmuşdu. Əgər soyutma sistemi işləməzsə, reaktorun aktiv zonasında ciddi partlayış baş verə bilər.
Rus mütəxəssislərinin stansiyadan çıxarılması çox ciddi risk yarada bilər. Çünki İranın bu cür reaktorları tam müstəqil idarə edəcək qədər böyük təcrübəsi hələ tam formalaşmayıb. İranda AES-in idarə olunmasını həyata keçirəcək qədər kadrlar yoxdur. Buşehr reaktorunun gücü təxminən 1000 meqavatdır və bu, çox böyük göstəricidir. Sovet dövründə istifadə olunan reaktorların gücü əsasən 440–500 meqavat idi. Ermənistandakı Metsamor AES də təxminən 440 meqavat gücündədir”.
Alim deyib ki, Türkiyədə tikilən Akkuyu atom elektrik stansiyasının reaktorları isə 1200 meqavat gücündə olacaq:
“Belə güclü reaktorlarda çox böyük miqdarda nüvə yanacağı olur. Təkcə reaktorun daxilində deyil, istifadə olunmuş yanacağın saxlandığı anbarlarda da onlarla ton nüvə materialı saxlanılır. Belə materialların idarə edilməsində problem yaranarsa, nəticələr çox ağır ola bilər. Bununla belə, belə bir qəza baş versə belə, onun Azərbaycana birbaşa və kəskin təsiri gözlənilmir. Ən yaxşı halda radioaktiv izlər çox zəif formada bəzi ərazilərə, əsasən cənub bölgəsinə çata bilər”.
Radioaktiv izotopların yarımparçalanma müddətinin bəzən 30–40 il olduğunu deyən Adil Qəribov onu da qeyd edib ki, bu müddətdə çirklənmiş torpaqlardan istifadə məhdudlaşdırıla bilər. Çünki radioaktiv maddələr bitkilərin kökləri vasitəsilə torpaqdan məhsullara keçə bilir. Bununla belə, alim xatırladıb ki, təbiətdə də müəyyən miqdarda radioaktiv maddələr mövcuddur, sadəcə, onların miqdarı azdır. O əlavə edib ki, Çernobıl qəzasından sonra xərçəng xəstəliklərinin kəskin artacağı gözlənilsə də, sonrakı beynəlxalq araşdırmalar bu proqnozu tam təsdiqləməyib.
“İnsan orqanizminin müəyyən adaptasiya imkanları da var”, – alim bildirib.
Sonda o vurğulayıb ki, radioaktiv çirklənmənin uzunmüddətli ekoloji və genetik təsirləri tam istisna edilmir. Akademik hesab edir ki, reaktor qəzası nəticəsində yaranan radioaktiv çirklənmə bəzən taktiki nüvə bombasının təsirindən də ağır ola bilər. Alim hesab edir ki, bütün hesablamalara görə, belə bir hadisənin Azərbaycana ciddi zərər vurması ehtimalı çox aşağıdır. Əsas risk İranın öz ərazisi və ona yaxın dövlətlər üçün mövcuddur.

