“Delimitasiya və demarkasiya prosesinin 1920-ci il xəritələri əsasında aparılması ilə Ermənistan razı deyil. 1920-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal edildikdə ərazisi 114 min kvadrat kilometr təşkil edirdi. 1920-ci ilin xəritələri əsasında müəyyənləşməsi Azərbaycanın ərazisinin 114 min kv.km-ə qədər artması, itirilən torpaqların qaytarılması deməkdir. Bu isə Ermənistanın böyük hissəsinin Azərbaycanın tərkibinə daxil olması üçün hüquqi əsas yaradır. Ona görə də sözügedən xəbərin yayılması Ermənistanın siyasi dairələrində narahatlıqla qarşılanıb”
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Azər Rəşidoğlu deyib.

Siyasi şərhçinin dediyinə görə belə bir fikir də mövcuddur ki, 1920-ci ilin xəritəsi mükəmməl hesab edilə bilməz:
“Çünki 1920-ci ildə SSRİ dövləti yaranmamışdı. 1923-cü ildə fərqli qərar çıxarıldığını və sərhəd məsələlərinin təzədən qaldırıldığını nəzərə alsaq, bu məsələdə qaranlıq məqamlar da mövcuddur. Lakin Rusiya Ermənistana Zəngəzur məsələsi ilə bağlı təzyiq etmək istəsə, 1920-ci il xəritəsini əsas götürməyi təklif edə bilər. Yəni, Ermənistan sərhədlərin delimiyasiyası və demarkasiyasının 1974-cü il xəritəsi əsasında müəyyənləşməsinə razı olmasa, Rusiya xəbərdarlıq kimi 1920-ci il xəritələrini gündəmə gətirə bilər. Ermənistanda hazırda siyasi vəziyyətin gərgin olması nəzərə alınarsa, Rusiyanın 1920-ci il xəritələrinə qayıtması Paşinyana qarşı çıxan qüvvələri fəallaşdıra bilər. Sərhədlərin 1920-ci il xəritəsi əsasında müəyyənləşməsinə dair Azərbaycan tərəfi təklif irəli sürməyib. Ermənilər noyabr ayında imzalanacağı deyilən sülh sazişini pozmaq üçün belə metodlara əl atırlar. Hazırkı status – kvonun qalması Azərbaycanın maraqlarına cavab verir. Belə olarsa, Ermənistan hökuməti sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdıra bilər. Eyni zamanda, nəqliyyat və kommunikasiya vasitələrinin açılması üçün imkan yaranmış olar”.
//Gülnarə Abasova, Editor.az

