“Baş verənlər onu göstərir ki, Ermənistan özünün köhnə siyasətindən hələ də əl çəkmək niyyətində deyil. Məlumdur ki, bu proseslərdə aranı qızışdıran, sabitliyi pozan, təxribatlara geniş meydan verən Nikol Paşinyana müxaliflik edən qüvvələrin ” təşəbbüsləri” var. Bununla onlar öz tərəfdaşlarına bildirirlər ki, guya Qarabağ məsələsi hələ də öz həllini tapmayıb və yaxın vaxtda da tapmayacaq. Odur ki, Ermənistanın guya “B” planı var”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, baş verənlərdə ən böyük məsuliyyət Nikol Paşinyanın üzərinə düşür:
“Baş verənlərə laqeyd yanaşma ona işarə edir ki, bu qeyri-müəyyənlik və sabitlik erməni baş naziri qane edir, onun da maraqlarına cavab verir. Çünki Nikol Paşinyanın qətiyyətsizliyinə biz dəfələrlə şahid olmuşuq. Ağır şəraitdə hər zaman hökumət rəhbərləri, siyasətçilər çalışırlar tez bir zamanda antiböhran mexanizmlərindən istifadə etsinlər, proseslərə yeni metodologiyaları qatsınlar ki, ip ucları əllərində qalsın və digər tərəfdən də insanları sakitləşdirsinlər, cəmiyyətə mesaj versinlər ki, hər şey yaxşı olacaq, biz nəzarətimizi itirməmişik, proseslərin də davamlı həllini təmin edəcəyik. Ancaq biz bunu görmürük. Sülh sazişinə yol açıqdır və Aİ, Rusiya, Türkiyə proseslərdə vasitəçilik edir. Burada proseslər yalnız bir istiqamətdə gedə bilər. Azərbaycan qalib dövlətdir, dominant qüvvə kimi onun qərarları mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana bildirirdi ki, biz mütləq öz gücümüzü torpaqlarımızı azad edəcəyik. Dövlət başçısının ordu quruculuğunda yeni mərhələyə qədəm qoymaq, Azərbaycanın müasir ordusunun formalaşdırılması ilə bağlı mesajlar da bundan xəbər verirdi. Ancaq ermənilər buna məhəl qoymadılar”.
T. Abbasov qeyd edib ki, məğlub ölkə yenə də öz köhnə istəklərindən, təxribatlarından əl çəkə bilmir:
“Dünya Birliyi artıq bütün həqiqətləri görür, məlumatlıdır. Biz Ermənistanı dəfələrlə xəbərdar etmişik. Əgər Ermənistandan bizə qarşı təxribatlar davam edəcəksə, biz o risk ocaqlarını mütləq şəkildə məhv edəcəyik. Odur ki, bu proseslərdə Ermənistan sülhə, sabitliyə doğru ən uzun və əyri yolu seçməkdədir. Halbuki bunun qısa yolu var. Ermənistan istəsə bu proseslərdən özü qazanclı çıxa bilər. Azərbaycan artıq öz sözünü deyib və bundan sonra da məcburetmə texnologiyası ilə sülhü də təmin edəcəkdir”.
//Gülnarə Abasova, Editor.az

