“Bu cür qarşılıqlı ittihamlar İsrail-HƏMAS münaqişəsinin daha da gərginləşməsinə səbəb olur. Əgər İsrail Qəzza zolağında dediyi kimi yerüstü əməliyyatlara başlayarsa, vəziyyət daha da çətinləşəcək. İsrailin təkcə Türkiyə ilə deyil, bütün region ölkələri ilə münasibətləri getdikcə pisləşə bilər”.
Bunu siyasi analitik Turab Rzayev son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraili qətliamda ittiham etməsi, İsrailin buna cavabı, bu cür qarşılıqlı ittihamlar fonunda İsrail-Türkiyə münasibətlərini Editor.az-a şərhində deyib.

T. Rzayev bildirib ki, baş verənlər son dövrlər aktual olan İsrail-Türkiyə münasibətlərinin yenidən normallaşması prosesini xeyli ləngidəcək:
“Xüsusilə Türkiyə və İsrail rəsmiləri arasında bu cür açıqlamalar iki ölkənin ortaq məxrəcə gəlməsinə mane olacaq. Ancaq İsrail tərəfinin qərəzli açıqlamaları müəyyən dərəcədə təəccüblüdür. Çünki Ərdoğan hakimiyyəti nə qədər İsraili Fələstində hərbi cinayətlər törətməkdə ittiham etsə də münaqişə başladığı ilk gündən neytral qalmağa və birtərəfli mövqe tutmamağa çalışır. Türkiyə açıq şəkildə həm HƏMAS-ın, həm də İsrailin cavab hücumlarını qınayıb. Hətta ABŞ dövlət katibi Entoni Blinken də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sırf Fələstin məsələsini müzakirəsində Türkiyənin üzərinə missiya yükləməsi ilə bağlı çağırış edib. Sərt açıqlamalar iki ölkə arasında münasibətləri daha da korlayacaq. Ola bilsin ki, İsrail Türkiyə tərəfindən daha neytral mövqe istəyir. Çünki daha əvvəl biz ABŞ, Avropa tərəfdən Türkiyənin İsrailin yanında yer alması ilə bağlı şərhlərin şahidi olmuşuq. İstənilən halda İsrail-Türkiyə münasibətləri ən azı HƏMAS-İsrail müharibəsi bitənə qədər gərgin olaraq qalacaq. Sonrakı proseslər isə münaqişənin nəticələrindən aslı olacaq. Ancaq hesab edirəm ki, iki ölkə arasında münasibətlər nə qədər gərginləşsə də münasibətlər XİN səviyyəsində davam edəcək”.
//Gülnarə Abasova, Editor.az

