Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Növbəti ildən…backend

Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Növbəti ildən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyun 28-də bir qrup müəllim Elm və Təhsil Nazirliyi önündə etiraz aksiyası keçirib. Azərbaycan müxtəlif bölgələrindən gələn, eləcə də Bakıda yaşayan müəllimlər sertifikasiya imtahanının qeyri-şəffaf keçdiyini iddia ediblər.

Xatırladaq ki, ötən həftə təhsil naziri sertifikasiya imtahanından müvafiq keçid balını toplaya bilməyən 4 min müəllimin əmək fəaliyyətinə xitam verildiyini bildirib. Növbəti sertifikasiya imtahanlarında bu rəqəmin artacağı gözlənilir. Demək olar ki, 30-40 min müəllim işini itirmiş olacaq. Maraqlıdır, bəs bu qədər insan maddi problemlərini necə qarşılayacaq? Həmin müəllimlər hansı işlə məşğul ola biləcəklər? Məktəbdə onlara hər hansı bir iş ayrılacaqmı?

Editor.az  xəbər verir ki, məsələ ilə bağlı Pubika.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, əmək məcəlləsinə və müvafiq qanunvericiliyə əlavə edilmiş dəyişikliyə əsasən sertifikasiyadan keçə bilməyən müəllimlərin müqavilələrinə xitam verilir:

“Bu, birmənalı şəkildə belədir. Amma Azərbaycan hökuməti kifayət qədər humanizm nümayiş etdirdi. Humanizmin mahiyyəti bundan ibarətdir ki, yaxşı 60 dan yuxarı olan müəllimlər sertifikasiyada könüllü olaraq iştirak edəcək. Əgər onlar gələcəkdə də, məktəbdə qalıb işləmək istəyərlərsə, mütləq sertifikasiyada iştirak etməlidir. Ümumilikdə qeyd edim ki, sertifikasiyadan kəsilən müəllimlər yalnız və yalnız müəllimlərin işə qəbulu imtahanında iştirak edərək yenidən müəllim ola bilər. Bu məsələnin birinci şərti. Azərbaycan sertifikasiyaya ən humanist yanaşan ölkələr sırasında dünyada birinci yerdədir. Belə ki, biz sertifikasiyadan kəsilən müəllimə bir il vaxt veririk ki, get özünü təkmilləşdir sonra növbəti ildə gələrsən, sənin dərs saatında, əməkhaqqında heç bir dəyişiklik olmayacaq. Bir il ərzində öz üzərində çalış, özünü təkmilləşdir və təkrar sertifikasiyada iştirak et. Bundan başqa növbəti bir humanizm ondan ibarətdir ki, müəllim sertifikasiyadan keçməyibsə, bağlanılmış müqaviləyə öz ərizənizlə xitam verilir. Yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ona tətbiq olunmur. Bu yaxşı bir haldır. Gələcəkdə şərait yaradılacaq ki, həmin şəxs özünü təkmilləşdirib bir ildən sonra müəllimlərin işə qəbulu imtahanında iştirak edib, ixtisası üzrə və müvafiq balı toplayaraq vakant yeri seçib müəllim kimi fəaliyyət göstərə bilər. Digər bir tərəfdən yenə də Azərbaycan hökuməti həmin şəxslərin sosial vəziyyətini nəzərə alaraq orta ümumtəhsil məktəblərində, sosial pedaqoq və digər işlərdə çalışması üçün imkan yaradır. Azərbaycan hökuməti heç də çalışmır ki, həmin şəxsləri işdən azad etsin. Sadəcə olaraq pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin daha yüksək bilik və bacarıqlara malik olmasında maraqlıdır və bu da kifayət qədər yaxşı bir haldır”.

Ekspert onu da qeyd etdi ki, artıq dörd mindən çox müəllimlə bağlanmış müqaviləyə xitam verilib:

“Birinci mərhələdə artıq ibtidai sinif və Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sertifikasiyası başa çatıb. Dörd mindən çox müəllimlə bağlanmış müqavilə xitam verilib. Bu o demək deyil ki, biz dörd min müəllim itirmişik. Biz onların əvəzinə müəllimlərin işə qəbulunda iştirak edib yüksək bal toplayan bilik və bacarıqları yüksək olan gənc, dinamik, təhsilin inkişafına töhfə verəcək yeni dörd min insan qazanacağıq. Bundan başqa bir məqamı da xüsusən qeyd edim ki sertifikasiya imtahanı MİQ imtahanından dəfələrlə asandır. Yəni sertifikasiya daha asandır, MİQ imtahanı dəfələrlə çətindir. Ümumilikdə hesab edirəm ki, biz təhsil sisteminin sağlamlaşmasını, inkişafını istəyiriksə, şagirdlərə daha keyfiyyətli tədris təşkil etmək istəyiriksə, sertifikasiya prosesinə maksimum dəstək verməliyik. Bu, Azərbaycan təhsilinin inkişafına böyük dəstək verəcək. Ölkə rəhbəri tərəfindən təhsilə böyük diqqət, qayğı göstərilir. Təkcə son 10 il ərzində 3500-dən çox yeni məktəb binası tikilib istifadəyə verilib, təmir olunub. Müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində yüksək addımlar atılır. Bu istiqamətdə əlbəttə ki, ən vacib məqam sertifikasiyadır. Bu gün Azərbaycanda 17500 nəfərdən çox müəllim min manatdan çox əməkhaqqı alır. Mən hesab edirəm ki, bu addımların fonunda sertifikasiya vacibdir və bütün hallarda bu proses sonuna qədər davam etməlidir. Müəllimin bilik və bacarıqları nə qədər yüksək olarsa, o qədər də keyfiyyətli təhsil tədris edəcək”.