“Səudiyyə Ərəbistanı İslam dünyasında avanqard ölkələrdən biridir. Xüsusilə ərəb ölkələri sırasında bu ölkənin nüfuzu kifayət qədər yüksəkdir. Ona görə də ABŞ-ın Səudiyyə Ərəbistanı ilə uzun illərdir davam edən strateji tərəfdaşlığı, yaxınlığı, hətta müttəffiqliyi mövcuddur. Ağ Ev Səudiyyə Ərəbistanına xüsusi önəm verir. Hətta bəzi qənaətlərə görə, ABŞ Ərəb dünyası ilə bağlı siyasi kursunu Səudiyyə Ərəbistanı üzərindən reallaşdırır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ABŞ-a ərəb dünyasında öz maraqlarını reallaşdırmaqda dəstək olur:
“Bu iki dövlət arasında münasibətlər tamamilə fərqli xarakter daşıyır. Hətta Səudiyyə Ərəbistanı ABŞ-ın əsas ticarət tərəfdaşları sırasına da daxildir. Prezident Donald Trampın Səudiyyə Ərəbistanına səfərinin özündə belə ticari bazarlıq mövcuddur. Belə ki, Tramp bu səfərin əvəzində Səudiyyə Ərəbistanından ABŞ-da trilyonluq ticari layihəni reallaşdırmaq öhdəliyi ala bilib. Böyük ehtimalla bu bazarlıq artıq reallaşmaq üzrədir. Artıq Tramp bu ölkəyə səfər etməklə Səudiyyə Ərəbistanını bu öhdəliyi yerinə yetirmək məcburiyyətində buraxıb”.
Politoloqun sözlərinə görə, Səudiyyə Ərəbistanı Yaxın Şərq siyasətində də ABŞ-a yaxından dəstək olur:
“Bütün bunların ümumi anlamı ora yaxınlaşır ki, ABŞ üçün ərəb dünyasında Səudiyyə Ərəbistanı əvəzolunmaz bir tərəfdaşdır. Səudiyyə Ərəbistanının İranla münasibətləri də Ağ ev tərəfindən tənzimlənir. Amerikanın maraqlarına zidd olduğu məqamlarda İranla münasibətlər xüsusi diqqət altında saxlanılır. Bütün bunlar onu göstərir ki, ABŞ və Səudiyyə Ərəbistanı arasındakı bu yaxınlıq qətiyyən təsadüfi xarakter daşımır və yaxın gələcəkdə də bunun inkişafetmə ehtimalı var. Eyni zamanda, son vaxtlar Trampla Səudiyyə rəhbərliyi arasındakı yaxın münasibətlər ölkədaxilində də müəyyən siyasi iradəçilik və iqtisadi sistemlərdə islahatların ola biləcəyi ilə bağlı ehtimalları artırır. Bunun nə qədər real olub-olmadığı yaxın gələcəkdə aydınlaşmağa başlayacaq”.
//Gülnarə Abasova, Editor.az