Şiddət törədən “tərbiyəçilər”, “müəllimlər” qeyri-şərtsiz CƏZALANDIRILMALIDIR: ” Dövlət bağçalarına kameralar quraşdırılsın”backend

Şiddət törədən “tərbiyəçilər”, “müəllimlər” qeyri-şərtsiz CƏZALANDIRILMALIDIR: ” Dövlət bağçalarına kameralar quraşdırılsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün sosial şəbəkələrdə İsmayıllıda 1 saylı körpələr evi- uşaq bağçasında körpəyə qarşı edilən şiddətin yayılan görüntüləri müzakirələrə səbəb olub. Əldə etdiyimiz məlumata görə, şiddət görən uşaq həmin “tərbiyəçi”nin qohumudur. Hadisə 3 gün əvvəl baş verib və həmin şəxsə töhmət verilib. Bu gün səhər saatlarında onun işdən çıxarılması ilə bağlı qərar verilib.

Sosial şəbəkələrdə də qeyd edilib ki, uşağa şiddət göstərən qadın onun valideyninin xalasıdır. Bu səbəbdən valideyn şikayətçi deyil.

Oxşar fakt bir neçə gün əvvəl şəhər məktəblərinin birində müəllimin şagirdi döyməsi hadisəsi ilə təkrarlanıb.

Editor.az məktəblərdə, bağçalarda uşaqlara qarşı zorakılıq hallarının artması ilə bağlı təhsil ekspertlərinin fikirlərini öyrənib.

Təhsil eksperti Kamran Əsədov Editor.az-a açıqlamasında ilk növbədə qeyd edib ki, hal-hazırda Azərbaycanda 1693 uşaq bağçası var və burada 123 minə yaxın uşaq təlim-tərbiyə prosesinin iştirakçısına çevrilib:

“Etiraf edək ki, 2011-ci ildən uşaq bağçaları icra hakimiyyətinə veriləndən sonra bağçaların fəaliyyətində ciddi dəyişikliklər müşahidə edilmədi, əksinə vəziyyət daha da pisləşməyə başladı. Dövlət bağçalarında təchizat, qidalanma problemləri ilə yanaşı, tədris prosesinin çox aşağı keyfiyyətli təşkilinin də şahidi olduq. Mövcud problemlər, bağçanı bitirən uşaqların birinci sinifə qəbulu zamanı bilik və bacarıqlarının, psixoloji dayanıqlıqlarının normal olmaması yenidən uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsinə zərurət yaratdı”.

K. Əsədov dünən İsmayıllıda bağçada baş verən hadisə ilə bağlı fikirlərini də bölüşüb:

“İsmayıllıda təxminən 10-na yaxın uşaq bağçası var və çox az şagird tutumu var. Son 10 il ərzində uşaq bağçalarına işə qəbul prosesi şəffaflıqla həyata keçirilmir. 2006-cı ildə qəbul edilən “məktəbəqədər təhsil haqqında” qanunun tələbinə görə bu sahədə ali təhsilli ixtisaslı kadrlar çalışmalıdır. Eyni zamanda, qanunvericiliyin digər tələbinə görə işə götürülən şəxsin psixoloji durumu ciddi şəkildə yoxlanılmalıdır. Çünki bağçalarda işə qəbul prosesinin qeyri-şəffaf aparıldığı üçün tip hadisələr mütəmadi olaraq baş verir. Biz həm dövlət həm özəl  uşaq bağçalarında araşdırma apardıqda məlum oldu ki, özəl uşaq bağçalarında belə hallara çox az rast gəlinir. Ona görə ki, özəl sektor xidmətdə daha çox maraqlıdır. Eyni zamanda, özəl uşaq bağçalarında valideynlər kamera vasitəsilə övladlarını mütəmadi olaraq izləmək imkanına malikdir. Bu dövlət bağçalarında da tətbiq olunmalıdır. Düşünürəm ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra həm uşaqların qəbulu prosesi mərkəzləşmiş elektron qaydada aparılacaq, həm də qəbulda qeyri-şəffaflıq aradan qaldırılacaq. Bütün hallarda azyaşlı və yeniyetmələrə qarşı psixi, fiziki zorakılıq tətbiq edilə bilməz. Bu, Azərbaycanda  mövcud qanunvericiliyinin tələblərini ciddi şəkildə pozur. Ümumiyyətlə, uşağa bağçada, şagirdə məktəbdə fiziki zorakılıq tətbiq edənlər tədris, təlim-tərbiyə prosesindən birmənalı olaraq uzaqlaşdırılmalı, onlara qarşı ciddi tədbirlər görülməlidir. Hesab edirəm ki, dövlət bağçalarında da kameraların quraşdırılması bu problemləri xeyli azaldacaq. Özəl bağçaların təcrübəsinə nəzər yetirdikdə biz görürük ki, kamera izlənməsi belə halları kəskin şəkildə azaldır. Eyni zamanda işə qəbulda ixtisaslı kadrlara üstünlük verilməlidir. Sözügedən fakt sərt cəza tələb edir. Bu tip “tərbiyəçilər”, “müəllimlər” konkret şəkildə ağır cəza almalıdır ki, digərləri bundan dərs götürsünlər”.

Təhsil eksperti onu da qeyd edib ki, sözügedən faktda “tərbiyəçinin” uşağın qohumu olması onu məsuliyyətdən azad etmir:

” 2014-cü ildə “etik davranış qaydaları haqqında” qanun qəbul edilib. Valideynlər şikayətçi olmasa belə bu fiziki zorakılıq hadisəsidir. Qanunvericiliklə həmin tərbiyəçi və uşaq bağçası 5 min manatadək cərimə oluna bilər. Biz mövcud problemlərin aradan qaldırmaq üçün həm məktəblərdə, həm də bağçalarda çalışanları psixoloji yoxlamalardan keçirtməliyik. Çünki bu vəziyyət get-gedə təhlükəli hal almağa başlayır. Bir gün əvvəl oxşar hadisə  məktəblərin birində də baş vermişdi. Belə çıxır ki, bizim övladlarımız tərbiyəçilər tərəfindən fiziki, psixoloji təzyiqə məruz qalırlar.  Bu həmin şəxslərin  təhsilalma hüququnu və azadlıqlarını məhdudlaşdırılır. Belə hallar yolverilməzdir. Bunu törədənlər ciddi şəkildə cəzalanmalıdır”.

Təhsil eksperti Elçin Əfəndi Editor.az-a bildirib ki, bu kimi halların baş verməsi cəmiyyətimiz üçün yol verilməzdir:

“Hər bir valideyn arxayın şəkildə övladlarını bağçada tərbiyəçiyə, məktəbdə müəllimə əmanət edir,  amma bəzən fərqli bir mənzərə ilə rastlaşır. Sözügedən video fakt üzə çıxdığına görə biz həmin şiddətə məruz qalan körpədən xəbərdar olduq. Amma bəlkə də minlərlə belə üzə çıxmayan faktlar var və ictimaiyyətə təqdim olunmur. Ona görə də yaxşı olardı ki,  Təhsil Nazirliyi tərəfindən bütün bağçalarda auditoriyalarda kameralar quraşdırsın. Valideynlər də özəl bağçalarda olduğu kimi harada olmasından aslı olmayaraq övladlarını izləyə bilsinlər. Həmin şiddət törədən “tərbiyəçilər”, “müəllimlər” isə qeyri-şərtsiz işdən azad olunmalı, hətta əmək müqaviləsinə xitam verilərkən şiddətə yol verməsi də xüsusi qeyd edilməlidir ki, bir daha işlə təmin olunmasın. Biz həmin şəxsləri ictimai tənqidə məruz qoymalıyıq. Çünki bizim gələcəyimiz övladlarımızdır və biz onları qorumalıyıq. Onları şiddətlə, təzyiqlə böyütsək gələcəyimizi məhv etmiş olarıq”.

//Gülnarə Abasova, Editor.az