“Təkcə Almaniyaya deyil, Avropa İttifaqına daxil olan bütün ölkələrdən sığınacaq istəyən İran vətəndaşlarının sayı durmadan artır. İtaliya, Frans, İspaniya, Polşa, Rumıniya az qala həyəcan təbili çalmaq istəyirlər. Böyük ehtimalla 2023-cü ildə Avropa İttifaqı ilk iclaslarından biri bu məsələni müzakirə edib qərar çıxarmağa həsr olunacaq”.
Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, miqrant axının əsas səbəbi son bir neçə ayda İranda baş verən ictimai-siyasi hadisələrdir: “Məlum olduğu kimi əvvəllər olduğu qaydada yaşamaq istəməyən İran vətəndaşları hələ ki, çıxış yolunu vətəndən qaçıb digər ölkələrdə sığınacaq tapmaqda görürlər. Təbii ki, bu qisim insanlar İrandan qaçmaq istəyənlərin çox cüzi hissəsini təşkil edir. Çünki onların heç də hamısı Avropa ölkələrinə getmək üçün vasitə tapa bilmir , yaxud viza almaqda çətinlik çəkirlər. Amma əminliklə demək olar ki, İran orada yaşayan əhalinin əksəriyyəti üçün artıq açıq havada və İ”slam Cumhuriyyəti” libasına bürünmüş həbsxanaya çevrilib. Həbsxana rəhbərləri hər keçən gün qaydaları sərtləşdirir və bu qaydalara tabe olmayanları gedər-gəlməzə göndərir”.
Əlimusa İbrahimov vurğulayıb ki, hazırda İrandan miqrant axını problemi ilə üzləşən Avropa İttifaqına daxil olan ölkələrdir:
” Amma zaman keçdikcə digər regionda, xüsusən İranın qonşuluğunda mövcud olan ölkələr də bu problemin içinə girəcək. Türkiyə, Azərbaycan və Gürcüstan bu baxımdan daha həssasdır. Çünki Avropa getməyə imkan tapa bilməyən İran vətəndaşları ölkəni tərk etmək naminə gedə biləcəkləri ölkəni dayaq nöqtəsi seçəcəklər . İranda kütləvi iğtişaşların daha da şiddətli xarakter alaraq dəhşətli vətəndaş müharibəsinə çevrilməsi qonşuluqda yaşayan heç bir dövlətin, o cümlədən Azərbaycanın mənafeyinə cavab vermir. Amma İran xalqına zülm vermək də artıq yetərlidir. Bu din pərdəsi altında insanlara divan tutan əjdahanın qarşısı artıq alınmalıdır. İstənilən halda Azərbaycan vəziyyətin ən pis variantına belə hazır olmalı və respublikamıza gələ biləcək İrandan olan soydaşlarımızın ağrılarını azalda biləcək tədbirlər planı üzərində işləməlidir”.
//Gülnarə Abasova, Editor.az

