Gürcüstanın paytaxtı Tbilisi yaxınlığındakı Rustavi şəhərində ət bazarında (İstanbul bazarı adlanır) atışma nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb. 1988-ci il təvəllüdlü kişi ov tüfəngi ilə bazara girərək bir neçə nəfəri odlu silahdan güllələyib.
Editor.az xəbər verir ki, bu barədə fevralın 9-da Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. İlkin məlumata görə, silahlı şəxs bazarın ət dəhlizində qohumlarına atəş açıb. Ölənlərdən biri əmisi, digəri isə əmisi oğlu olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, buna səbəb qohumlar arasında məişət zəminində münaqişə olub. Atəş açan şəxs dərhal yerli polis idarəsi tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi bazarda qarşılıqlı atışma ilə bağlı məlumatı təsdiqləməyib: şübhəli kişi hadisə zamanı tək olub və öz qohumlarına, eləcə də bazardakı digər ticarətçilərə atəş açıb.
/Samir Qurbanov, Editor.az

