Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlamasında Şimali Koreyanın Ukrayna müharibəsində istifadə etmək üçün gizli şəkildə Rusiyaya “əhəmiyyətli miqdarda” artilleriya mərmisi göndərdiyini bildirib.
ABŞ-ın hadisələrə münasibəti necə olacaq?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Rusiyanın Ukraynada apardığı müharibə böyük bir planın tərkib hissəsidir:
“Qərb öz rəqiblərini gücdən salmaq istəyir. ABŞ və tərəfdaşları Ukraynada bataqlıq yaratdı. Rusiya da bu bataqlığa çəkildi. Bunun ardınca İran PUA-larla dəstək verərək o da həmin karvana qoşuldu. Artıq İrana da sanksiyalar güclənib. Növbəti hədəflərdən biri də Çin ola bilər. Ukraynadakı böhranla əlaqədar Qərblə kəllə-kəlləyə gəlməli olacaq. Şimali Koreya Moskvaya hansısa yolla silah verib dəstək ola bilər. Amma Rusiya-Ukrayna müharibəsində heç bir effekti olmayacaq. Rusiya elə vəziyyətdədir ki, ona heç kim kömək edə bilməyəcək. Buna 2 faktı nümunə çəkə bilərik.
Birincisi Rusiya xarici işlər naziri Sergey Lavrov son vaxtlar verdiyi açıqlamada Ukrayna ilə danışıqlara hazır olduqlarını qeyd edib.
İkincisi isə bir müddət əvvəl Rusiya nüvə silahı istifadə etməklə dünyanı hədələyirdi, amma bu da reallaşmadı.
Görünən odur ki, Rusiyada müəyyən mənada geriləmə müşahidə olunur. ABŞ Şimali Koreyanın Rusiya ilə tərəfdaşlığını bəhanə edərək Rusiyaya qarşı təzyiqlərini gücləndirəcək. Beləliklə, ABŞ öz rəqiblərini zəiflədir”.
//Safura Bənnayeva, Editor.az

