“Şişirdilmiş qiymətlərlə turizmi inkişaf etdirmək olmaz”- Ekspert ŞƏRH EDİRbackend

“Şişirdilmiş qiymətlərlə turizmi inkişaf etdirmək olmaz”- Ekspert ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2020-ci ildən yaranmış pandemiya şəraitinin turizm sektoruna vurduğu zərərlər ciddi əhəmiyyət daşıyır. Ümumiyyətlə, koronavirus pandemiyası dünyada ən çox turizm sektoruna zərər vurub və bunun ən bariz nümunəsi Azərbaycandadır”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

İqtisadçının sözlərinə görə, Azərbaycanda turizmin ən sürətli şəkildə inkişaf etdiyi dövr 2017-2019-cu illər olub:

“Həmin illər ərzində ölkəyə həm xarici turist axımı, həm də yerli turizm cəhətdən statistik rəqəmlərin çox sürətli şəkildə art yüksəldiyinin şahidi olmuşuq. Ancaq 2020-ci ildə turizm sektoru birdən-birə pik nöqtədən sıfıradək tənəzzülə uğradı. Ötən il bu sahədə müəyyən dirçəliş müşahidə edilməyə və 2022-ci ildə bərpa prosesinə başlanılıb. Bu həm yerli turizmə, həm də ölkəyə xarici turist axınına aiddir. Yəni, ölkədə turizm qismən bərpa olunsa da pandemiyaya qədərki dövrdə mövcud olan problemlər hələ də qalmaqdadır”.

P. Heydərov qeyd edib ki, turizm sahəsində qiymətlər bahadır, xidmət səviyyəsi ilə mövcud tariflər arasında uyğunsuzluq mövcuddur:

” Hansı ki, bütün bunlar ölkədə turizmin lazımi səviyyədə inkişafı üçün əsas əngəl sayılan faktorlar hesab edilir. İstər yay, istərsə də qış mövsümündə Azərbaycanda turizmin inkişafı üçün hər cür şərait var. Əgər söhbət infrastrukturdan gedirsə, demək olar ki, bütün rayonlarımızda restoranlar, istirahət mərkəzləri, otellər şəbəkəsi baxımından ən yüksək səviyyədədir. Yəni bu baxımdan ölkədə istər yerli istərsə də xarici turizmin inkişafı üçün heç bir ciddi problem mövcud deyil. Yalnız bahaçılıq və göstərilən xidmətlə qiymətlərin uyğunsuzluğu böyük əngəl hesab edilir ki, bu da turizmin inkişafı üçün ən böyük əngəl hesab olunur. Füsunkar təbiət, tarixi mədəniyyətdən infrastruktur imkanlarına qədər hər şey mövcuddur. Sadəcə olaraq biz turizm sahəsində qiymətləri elə tənzimləməliyik ki, ən azı qonşu ölkələrlə rəqabətdə uduzmayaq. Buna görə ən vacib şərt qiymət amilidir. Turizm sektorunda göstərilən qiymət səviyyəsinə görə qiymətlər münasib olmalıdır. Bu, olduqca ciddi məsələdir. Şişirdilmiş qiymətlərlə turizmi inkişaf etdirmək olmaz”.

//Gülnarə Abasova, Editor.az