“Rusiya qazının Azərbaycan ərazisindən nəqli Ermənistanı asılı hala salır” – Vahid Əhmədovbackend

“Rusiya qazının Azərbaycan ərazisindən nəqli Ermənistanı asılı hala salır” – Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən nəqli üzrə qısamüddətli müqavilənin qüvvədə olduğu müddət ərzində Ermənistan müəyyən qədər asılı hala düşür. Çünki istədiyimiz vaxt verilən qazı dayandırsaq, Ermənistanda bəzi problemlər yarana bilər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Rusiya qazının Ermənistana Azərbaycan vasitəsilə ötürülməsi müvəqqəti xarakter daşıyır: “Sadəcə olaraq, baş vermiş ciddi qəzalar səbəbi ilə belə bir müqavilə bağlanıb. Əgər Azərbaycan dövləti humanist addım ataraq Ermənistana nəql olunan qazın ərazimizdən keçməsinə icazə veribsə, buna irad tutmaq doğru deyil. Rusiya dövləti xahiş edib, Azərbaycan da müqavilə ilə razılaşıb”.

V.Əhmədovun sözlərinə görə, belə bir müqavilənin imzalanması yalnız qısa müddət üçün qəbuledilən variantdır: “Amma bütün bunlara baxmayaraq, hesab edirəm ki, Rusiya qazının Azərbaycandan keçərək Ermənistana nəql olunması uzun müddət davam edə bilməz. Həmişə dediyim kimi, Ermənistan özü üçün mütləq iki mühüm məsələni həll etməlidir. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü BMT-nin təsdiq etdiyi formada tanımalı, ikincisi isə status məsələsini Cənab Prezidentin dediyi kimi cəhənnəmə göndərməlidir”.

Qeyd:  SOCAR və “Qazprom Export” şirkəti Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən nəqli üzrə qısamüddətli müqavilə imzalayıb.