Siyasətin qəhqəhəsi: Brüssellə Vaşinqtonu Fuad birləşdirir?backend

Siyasətin qəhqəhəsi: Brüssellə Vaşinqtonu Fuad birləşdirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasət dağılmış vərəqlər kimidir: üzü üstə düşən vərəqlərdə nə yazıldığı oxunmur. Oxunası vərəqləri də bəzən yel aparır. Yel isə təbii yox, süni də olur.

Avropa Birliyi ilə ABŞ arasındakı münasibətlərin, daha doğrusu, münasibətsizliyin ən ağır həddə çatdığı zamanda əsl tragimomediya yaşanır.

AXCP sədrinin rəsmən sabiq, əslində isə əvvəlki postunda saxlanaraq faktiki müavini Fuad Qəhrəmanlı sən demə, Brüssellə Vaşinqtonun ortaq dəyəri imiş.

Avropa Birliyinin siyasətlə məşğul olduqlarını göstərən məmuratı ilə okeanın o tayında Dövlət Departamentinin Cənubi Qafqaz bölməsinin əməkdaşlarının toplaşdıqları mərtəbədəki iki kabinetin sakinləri çox narahat olublar sən demə.

Onların kollektiv əndişəsinin iməcilik təzahürünü isə “Fuad Qəhrəmanlı dərhal azad edilsin!” kimi səslənir.

Halbuki Fuad Qəhrəmanlı AXCP sədri Əli Kərimlinin əvvəl denşikliyinə, sonra qalabəyliyinə, lap sonda da “mövcud rejim” kimi qələmə verilən dövlət strukturlarını sosial şəbəkələrdə trollar vasitəsilə “topatutma” kampaniyasının rəhbərlərindən birinə çevriləndə azadlığını itirmişdi.

Onun nə siyasi, nə mənəvi, nə də fiziki azadlığı yoxdu.

Bəlkə də kiçik adam kompleksindən, siyasi natamamlıq sindromundan əziyyət çəkdiyi üçün F.Qəhrəmanlı ironik siyasətçiliyində yığdığı qəzəb yükünü evə boşaldırdı.

O, məişət zorakılığına qapılmamışdı, yox: AXCP sədrinin müavini xanımına və qızına sanki prus təlimi keçmək, evdə kimin baş, kimin də ayaq olduğunu anlatmağa çalışaraq başayaq mənəvi ehkamlar kəsirdi.

Bununla da kifayətlənməyib, səsini qaldırdığı ailə fərdlərinə sonradan əlini qaldırdı.

O əl ki, sutkada neçə saat klaviaturada marazmatik çağırışlar yayaraq Facebook-da paylaşılırdı, küçə aksiyalarının icazəsiz formatında da polisin qarşısında duran sahibinin istəyi ilə yuxarı qovzanırdı. Ki, yumruq sıxılıb və sən demə, o yumruğun sahibi əsl, mətin və orqanik mübarizdir.

Belə mövqe isə Bismarkın təbiri ilə yazsam, siyasətin qəhqəhəsidir.

Çünki ABŞ ilə Avropa Birliyi arasında çox ciddi problemlər var və onların sayı fasiləsiz artır.

Üstəlik, NATO ilə Vaşinqtonun əlaqələri də tarixin ən aşağı səviyyəsindədir.

Bunu son aylarda NATO-nun baş katibi Yens Stoltenberqin açıqlamalarından aşkar hiss etmək olur.

İş ondadır ki, ənənəvi, klassik Qərb artıq yoxdur. Avropa Birliyi ABŞ ilə münasibətləri dostluq bir yana, normal əməkdaşlıqdan belə, çox uzaqdır.

1945-2018-ci illərdə mövcud olmuş transatlantik ittifaq artıq mənasız, sınıq və paslı konstruksiya kimi bir kənara atılıb.

Səbəb bəsitdir: ABŞ geosiyasətinin əsasını indi “Sadəcə, Amerika!” sloqanı təşkil edir.

İş o yerə çatıb ki, Avropa Birliyinin prezidenti Donald Tusk Twitter-dəki akkauntunda siyasi sensasiya sayıla biləcək açıqlama yaymışdı: “ABŞ prezidenti Donald Trampın son qərarlarına nəzər salsaq, demək olar ki, belə dostlarla bizə düşmən də gərək deyil”.

ABŞ və Avropa Birliyi arasında münasibətsizlik yaradan əsas səbəblər isə bunlardır:

1. İranla anlaşma

2. İsrailin paytaxtının Qüdsə köçürülməsi

3. Cərimə gömrük rüsumları və ticari savaşlar

4. Ekologiyanın qorunması məsələsi

5. NATO-ya ödənişlər

6. Rəqəmsal vergilər

…. İranla münasibətlər Brüssellə Vaşinqtonu az qala düşmən edib. İrana qarşı tətbiq edilən sərt sanksiyaların vaxtının uzadılması və İranın nüvə proqramı ilə bağlı “Altılıq” formatını Vaşinqtonun tərk etmək niyyəti vəziyyəti gərginləşdirib.

İndi bir tərəfdə ABŞ, İsrail və Səudiyyə Ərəbistanı, digər tərəfdə isə Çin, Avropa Birliyi və Rusiya var.

Avropa Birliyi İranla münasibətləri ifrat həddə çatdıraraq gərginləşdirmək istəmir. ABŞ isə tam tərsinə, bunu Brüsseldən tələb edir.

ABŞ prezidenti Donald Trampın ölkəsinin səfirliyini Qüdsə köçürmək barədə qərarını da avropalılar dəstəkləyiblər. Avropa Birliyinin xarici siyasətinin rəhbəri Federika Moqerini bu qərarı sərt tənqid edib, AB-dəki 28 ölkənin 24-ü isə səfirliyin köç mərasimini boykot ediblər.

İqtisadiyyata gəldikdə isə, ABŞ Avropa Birliyindən aldığı polad və alüminiuma əlavə gömrük rüsumları tətbiq edib. Fransa prezidenti Emmanuil Makron da bəyan edib ki, “amerkian millətçiliyi savaşdır və bu savaşda hamı uduzacaq”.

Ekologiyanın qorunması da müşkülə çevrilib. Belə ki, ABŞ-ın ətraf mühitin mühafizəsi ilə bağlı Paris anlaşmalarını tərk etməsi Avropa Birliyini hiddətləndirib. Hazırda yalnız ABŞ və Nikaraqua bu anlaşmalarda deyil.

NATO… ABŞ prezidenti Donald Tramp çıxışlarından birində Şimali Atlantika Alyansını “köhnəlmiş struktur” adlandırıb və bəyan edib ki, Avropa Birliyindəki hər ölkə ödənişləri artırmalıdır. Daha konkret olsaq, ABŞ istəyir ki, NATO üzvü olan hər Avropa ölkəsi ümumdaxili məhsulunun 2 faizi səviyyədə məbləği bloka üzvlük haqqı kimi ödəsin.

Ən nəhayət, rəqəmsal vergi. Google, Facebook, Apple və Amazon  kimi ABŞ şirkətlərinin Avropa Birliyində fəaliyyəti daimi narazılıqlara səbəbdir. Avropa Komissiyası bu nəhəng korporasiyalardan daha çox rəqəmsal vergi almaqda qərarlıdır.

Və belə durumda “mehriban düşmən”lərin siyasət kabinetlərində nimdaşlaşan, Azərbaycanla bağlı yalnız marazmatik şüarlar və məntiqdən kənar suçlamalarla bağlı bəyanatlar verməyə az qala alışmış siyasi degeneratların “qəflətən” Fuad Qəhrəmanlı ilə maraqlanmasının özü ironiyadır.

Görəsən, məişət zorakılığı, yəni “domestic violence” nə zamandan Vaşinqtonla Brüsseli birləşdirən dəyər olub: axı Fuad Qəhrəmanlı siyasətdə tam diletant və naşı olsa da, bu sahədə təcrübəlidir…

Elçin Alıoğlu
Milli.Az