Slovakiya Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması səbəbindən ölkənin ehtiyat enerji təchizatını dayandıracağı təqdirdə Polşa Ukraynaya elektrik enerjisi ixracını artırmağa hazırdır.
Editor.az bildirir ki, bu barədə “Bloomberg” dekabrın 29-da adı açıqlanmayan yüksək vəzifəli Polşa rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Polşa hökuməti Slovakiyanın hərəkətləri zamanı Ukraynanın həddən artıq yüklənmiş enerji sisteminin üzləşəcəyi istənilən disbalansları kompensasiya etmək üçün yerli elektrik enerjisi istehsalını artırmağa hazırdır. Varşavanın təminatları Rusiya qazının Ukrayna ərazisindən tranzitinin gələcəyi ilə bağlı mübahisələrin kəskinləşməsi fonunda verilib.
Qeyd edək ki, Slovakiyanın baş naziri Robert Fiko dekabrın 27-də yayımladığı videomüraciətdə Kiyevin Rusiya qazının Mərkəzi Avropaya tranzitini dayandıracağı təqdirdə, Rusiyanın hava hücumlarından sonra enerji sistemində yaranan çatışmazlıq zamanı Ukraynanı elektrik enerjisi təchizatını kəsməklə hədələyib. Fikonun sözlərinə görə, tədarükün kəsilməsi nəticəsində Avropa İttifaqı əlavə enerji xərcləri ilə, Slovakiya isə qazın qiymətinin artması ilə üzləşəcək.
//Samir Qurbanov, Editor.az