Slovakiya Xarici İşlər Nazirliyi Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin verdiyi açıqlamalarına görə Rusiya səfirliyinin nümayəndəsini nazirliyə dəvət edib.
Editor.az xəbər verir ki, Narışkin sentyabrın 28-də Slovakiyada keçirilən seçkiləri “xarici təsirlərdən azad, xalqın iradəsinin demokratik ifadəsi kimi çətin qəbul etmək olar” deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar guya seçkilərə müdaxiləni gücləndirib və “mənəviyyat ximerası”nı atmağa və tələb olunan nəticəni əldə etmək üçün istənilən vasitədən istifadə etməyə çalışıb. Narışkin bəyan edib ki, Vaşinqton “Mütərəqqi Slovakiya partiyası”nın qələbəsinə ümid edir. Lakin nəticədə Rusiyayönlü “Smer-SD” partiyası parlament seçkilərində qalib gəlib.
Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya kəşfiyyatının yalan bəyanatına kəskin etirazlarını bildiriblər. “Biz qəsdən yayılan bu dezinformasiyanı müstəqil, suveren və demokratik dövlət kimi öz vətəndaşlarına ədalətli və şəffaf seçki prosesinə zəmanət verən Slovakiya Respublikasında Rusiya Federasiyasının seçki prosesinə qəbuledilməz müdaxiləsi kimi qiymətləndiririk”, – deyə bəyanatda bildirilir.
Onlar Rusiya Federasiyasını dezinformasiya fəaliyyətini dayandırmağa çağırıb və bildiriblər bu, beynəlxalq münasibətlərin prinsiplərinə zidd olmaqla ikitərəfli münasibətlərinə xələl gətirir.
//Samir Qurbanov, Editor.az