“Soçi görüşü də sübut etdi ki, Azərbaycan öz dəyişməz mövqeyində israrlıdır”.
Bu fikri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, Soçi görüşü öncəsi siyasi müzakirələrdə müxtəlif, hətta bəzən olduqca ziddiyyətli fikirlər səsləndirilsə də bir daha aydın oldu ki, Azərbaycan öz dəyişməz mövqeyində israrlıdır, prinsipialdır:
“Azərbaycan hər zaman masaya bir şərtlə oturur ki, nəticədə istənilən razılaşmaya dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental prinsipləri prioritet tutulmaqla gəlinməlidir. Soçi görüşündə də bir daha bunu qəbul etdirdik. Münaqişənin bitməsi cənab Prezident İlham Əliyevin ortaya qoymuş olduğu qəti mövqedir. Rusiya lideri Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan lideri cənab İlham Əliyev arasında keçiriləcək üçtərəfli görüşün ab-havasını Azərbaycan müəyyənləşdirdi, şərtlərini də dövlət başçımız Putinlə keçirilən ikitərəfli görüşlə formalaşdırdı ki, münaqişə iki il əvvəl bitib və bu istiqamətdə hər hansı bir müzakirə aparmaq mənasızdır. İndi qarşıda duran əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır ki, bu istiqamətdə konkret iş ortaya qoymağa zərurət var və artıq bu məsələnin zamanıdır”.
Politoloqun fikrincə, Ermənistan bütün cəhdlərlə 2021-ci ilin may, 2022-ci ilin sentyabr toqquşmaları da daxil olmaqla sənədə hər nə qədər özünə uyğun bəndləri salmağa çalışsa da, bunun baş verməyəcəyini görüb bəyanatın qəbuluna mane törətsə də, bu həmləsi də uğursuz oldu: “ Onu da nəzərə alaq ki, bu, ev sahibi ölkəyə, onun liderinə aydın hörmətsizlik bu hal olardı. Ermənistanın və ona havadarlıq edən bu taylı, o taylı tərəfdarlarının arzuladıqları “status” haqqında bir kəlmə belə qeyd olunmadı. Mütləq qeyd edilməlidir ki, “status”la bağlı bizim mövqeyimiz prinsipialdır və bu qəti mövqe də diplomatik kanallar vasitəsilə aydın şəkildə Rusiyanın diqqətinə çatdırılıb. Bu, Azərbaycanın daxili işi olduğu kimi ümumiyyətlə o da bilinməlidir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması hər hansı hiylələrdən və öz maraqlarının təmin olunması istiqamətində fərqli ünvanlardan gələn planlardan deyil, Azərbaycan tərəfinin təklif etdiyi 5 maddəlik sülh paketindən keçir. Ermənistan saxta mitinqlər keçirməklə, bu istiqamətdə dəstək görüb, dəstək almaqla, kimlərəsə güvənməklə dövlət kimi legitimliyini ciddi şübhə altına ala bilər. Atacağı yanlış addımlarsa sadəcə özünə deyil, bütövlükdə regiona olduqca mənfi istiqamətdə təsir edə bilər ki, bu uçqunlarına altında qalacaq birinci aktor da elə məhz özü olar. Soçi görüşü Azərbaycan liderinin növbəti uğurlu diplomatik gedişi, Ermənistanın isə bir də daha ağır zərbə almaması baxımından axarıncı olmaması üçün axırıncı və qəti siyasi iradəsi olmalıdır. Hər bir halda hadisələrin axır və axarına istiqamət verən Azərbaycan tərəfidir”.
31 oktyabr Soçi görüşündən sonra Ermənistan baş naziri Nikol Paşinyanın İrana səfərinə münasibət bildirən Şəbnəm Həsənova qeyd edir ki, son zamanlar yenidən canfəşanlıqla nümayiş etdirilən Ermənistan-İran münasibətləri fonunda Azərbaycan-İran münasibətlərində iplər olduqca gərilib:
“Daha öncə İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edirdisə, ən son İran xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə telefon danışığında “İran Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir” ifadəsini işlətdi. Görünür, Tehran Bakı ilə qarşıdurmadan geri çəkilir. Bu müsbət məqamdır. Bu ifadənin işlənmə vaxtının Soçi görüşü vaxtı seçilməsi də təsadüf deyil. Birincisi, İran Ermənistanın Aİ-nin mülki missiyasını regiona dəvət etməsinin, xarici qüvvələrin bölgədə yerləşdirilməsinin əleyhinə idi. İkincisi isə dövlət başçımızın “Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur” deməsi, onların təhlükəsizliyinin, hüquqlarının, salamatlığının bizim üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Paşinyan İran səfəri öncəsi ona şimallı-cənublu verilən mesajlar haqqında ciddi düşünməlidir”.
//Safura Bənnayeva, Editor.az