Soçi görüşünü daha da maraqlı edən məqam – Paşinyan iki dəfə…backend

Soçi görüşünü daha da maraqlı edən məqam – Paşinyan iki dəfə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soçi görüşü olduqca vacibdir. Lakin onu vacib edən məsələləri sadalamamışdan öncə nəzərə almalıyıq ki, Ermənistan və Azərbaycan tərəfi bu görüşə necə gedir?!”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Soçi görüşündən gözləntilərimiz böyükdür:

“Görüşdən öncə Paşinyanın hətta Ermənistan sərhədlərinin qorunması üçün NATO-nu dəvət etməsini, onun Avropa İttifaqı ilə sövdələşməyə gedərək 15 dekabr Brüssel görüşünü təşkil etməsini, manipulyativ fikirlər səsləndirb, yanlış rəy formalaşdırmasını, bir sözlə Rusiya əleyhinə hərəkətlərini nəzərə alsaq o, görüşə gözdən düşmüş şəkildə gedir. Çünki Rusiya mənbələri də təsdiq etmişdilər ki, görüşün baş tutmamasının səbəbkarı məhz Paşinyandır. Yəni rəsmi Moskvada Paşinyanın kim olduğunu yaxşı bilirlər.

Prezident İlham Əliyev isə təmkinli mövqe sərgiləyərək bölgədə sülhün bərqərar olması, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması üçün bütün tərəflərlə təmaslara, bərabərhüquqlu müstəvidə danışıqlara hazır və bütün təşəbbüslərə açıq olduğumuzu bildirərək müstəqil siyasət aparan bir ölkənin qalib lideri kimi gedir. Bir sözlə, Azərbaycan bu görüşə də diktə edən tərəf olaraq gedir.

O ki qaldı görüşdə müzakirə olunacaq və nəticəsini gözlədiyimiz məsələlərə, düşünürəm ki, görüşdə əsas məqsəd delimitasiya və demarkasiya məsələlərin həll olunması, təklif edilmiş “3+3” formatının reallaşması, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı məsələlərin müzakirəsi olacaq. Soçi görüşünü maraqlı edən məqam həm də onun formatı ilə bağlıdır. Çünki burada üçtərəfli formatla bərabər, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər nəzərdə tutulub. Deməli, konkret və daha ilkin nəticəsini gözlədiyimiz delimitasiya və demarkasiya məsələlərinin həll olunması ilə bağlıdır ki, bu istiqamətdə konkret müzakirə olacaq. Məhz bu amil də digər işlərə yol açacaq. Böyük ehtimal bununla bağlı ortaq komissiyanın, işçi qrupun yaradılması işi də dəqiqləşəcək və öz həllini tapacaq.

Yeni bir bəyanatın olacağını da istina etməmək olar. Bir sözlə Soçi görüşündən gözləntilərimiz böyükdür və bütün gözlərimiz Soçi görüşündədir. Azərbaycan xalqı əmindir ki, hər bir diplomatik masada, hər zaman olduğu kimi Azərbaycan xalqının milli maraqlarını rəhbər tutaraq və öz düşünülmüş, müxtəlif kombinasiyaları nəzərə alaraq, dəqiqliklə müəyyən olunmuş Prezident İlham Əliyevin uzaqgörən və səbəb-nəticə əlaqəsinə söykənən diplomatiyası bu görüşdə də öz sözünü deyəcək.

O ki qaldı görüş öncəsi Paşinyanın səsləndirdiyi “gurultulu” fikirlərə, əvvəla reallıq odur ki, Ermənistan müharibədə məğlub olmuş, sonra da hər bir təxribatı uğursuzluğa məhkum olan, diplomatik masada da Rusiya ilə Qərb arasında vurnuxması heç bir nəticə verməyən fiqurdur. Həm də Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan cəmiyyətində mövcud olan dərin psixoloji problemləri özü də etiraf edir. Soçi sonrası da əliboş, diktəni icra edən tərəf olacağını çox yaxşı dərk etdiyi üçün görüş öncəsi etdiyi açıqlamalar daxilə hesablanmış, özünü daxili auditoriyadan sığortalamaq cəhdləridir. Paşinyanın evdə bir, çöldə başqa olmasına da yaxşı bələdik”.