Soçi görüşünün nəticəsi nə oldu?- Ekspertdən ŞƏRHbackend

Soçi görüşünün nəticəsi nə oldu?- Ekspertdən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soçidə keçirilən ikitərəfli və üçtərəfli görüşlər gözlənildiyi kimi bitdi. Azərbaycan qalib dövlət olaraq şərtlərini diktə etməyə davam edir və edəcək. Görüşdən bir neçə gün əvvəl Xankəndində rus silahlılarının da yardım və təşkilatçılığı ilə keçirilən mitinq, Ermənistan baş nazirinin Qarabağda rus silahlılarının mandatının 15-20 il uzadılması təklifi kimi erməni hiyləgərliyi işə yaramadı”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Soçi görüşündə Azərbaycan Prezidenti hər zaman olduğu kimi çox aydın və qərarlı mövqe nümayiş etdirdi:

“”Qarabağ məsələsi bitib, o artıq tarixdir, önümüzdə duran digər məsələlərə baxaq”,-dedi. Üçtərəfli görüşdən sonra qəbul edilən və ümumi söz və cümlələrdən ibarət olan birgə bəyanatdan da görünür ki, Rusiyanın vasitəçilik missiyası tükənmək üzrədir. Çünki Rusiyanın vasitəçilik missiyası, onun Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunu qorumağa hesablanıb ki, bu da indiki dünya şərtlərində mümkün deyil. Ukraynada ciddi qan itirən və Qərbin ağır sanksiyalarına məruz qalan Rusiya, Cənubi Qafqazda münaqişələrin bitməsində deyil, qeyri-müəyyən müddətə uzanmasında maraqlı görünür. Üçtərəfli görüşdən sonra, gecə yarısı, RF-nın prezidenti Vladimir Putinin mətbuata verdiyi açıqlamalardan da görünür ki, saatlarla davam edən uzun müzakirələrdən heç bir nəticə almaq mümkün olmayıb. Aydındır ki, Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsi Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi varlığının bitməsinə gətirib çıxaracaq. Danışıqların bundan sonrakı mərhələdə, ağırlıqlı olaraq Brüsseldə davam edəcəyi daha çox ehtimal edilir”.

F. Məhərrəmlinin sözlərinə görə, Ermənistan baş nazirinin Soçidən dərhal sonra Tehrana çağırılması İranın Qafqazda nə qədər destruktiv rol oynadığını, Rusiyadan boşalacaq geopolitik sahəni doldurmaqda nə qədər iştahlı olduğunu göstərir:

“Bir sözlə, Ermənistan rəhbərliyinin iradəsizliyi, erməni müxalifətinin başqa ölkələlərin maşası rolunda çıxış etməsi və erməni cəmiyyətinin mənəvi-siyasi iflası Cənubi Qafqazda sülhün, əmin-amanlığın və təhlükəsizliyin yaradılmasında ən böyük maneyə çevrilib. Ermənistanda, nəhayət ki, anlamalıdırlar ki, onların rifahı və təhlükəsizliyi Azərbaycanla sülh bağlamaqdan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir”.

//Gülnarə Abasova, Editor.az