Soçi və Brüssel görüşü: Qərbin yoxsa Rusiyanın vasitəçiliyi?backend

Soçi və Brüssel görüşü: Qərbin yoxsa Rusiyanın vasitəçiliyi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” 9 noyabrda üçtərəfli görüş gözlənilirdi. Bununla bağlı mətbuata informasiya sızdırılmışdı. Lakin sonradan Ermənistanın destruktiv fəaliyyəti nəticəsində bu görüş baş tutmadı. İndi isə noyabrın 26-da Soçi görüşünün belə tez-tələsik təşkil edilməsi 15 dekabrda Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək görüşü qabaqlamaq məqsədi güdür. Əslində Rusiyanın məqsədi Qərbdən geri qalmamaqdır”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O, bildirib ki, üçtərəfli Soçi görüşünün təşkili  təkcə Rusiyadan asılı deyil:

” Görüşün təşkili, gündəliyi Azərbaycan və Ermənistanın da razılaşması ilə baş tutur. Azərbaycan onsuz da bütün mərhələlərdə elan edib ki, üçtərəfli görüş keçirib bütün məsələləri masa arxasında həll etməyə hazırdır. Ermənistan da sözdə bunu desə də əməldə etmir. Ona görə də 9 noyabrda planlaşdırılan görüş baş tutmurdu. Rusiya artıq Qərbin vasitəçiliyinin önə çıxdığını gördüyü üçün onları qabaqlamaq məqsədilə özünün vassalı olan Ermənistana təsir edərək bu görüşü keçirdir. Üçtərəfli görüşə Azərbaycanla Ermənistan arasında sülh sazişinə hazırlıq mərhələsi kimi yanaşmaq olar. Çünki Qarabağ adlı münaqişə artıq yoxdur. Belə bir məsələ müzakirə mövzusu belə ola bilməz. Baş tutacaq görüşlərdə sadəcə sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması müzakirə edilə bilər. Azərbaycanın Qarabağla bağlı kimləsə müzakirə aparmaq kimi istəyi yoxdur və bu artıq Azərbaycanın daxili məsələsidir. Qarabağdakı erməni vətəndaşları ilə nə, necə həll ediləcəksə bunu Azərbaycan müəyyənləşdirəcək. Bizim üçtərəfli görüşdən olan gözləntimiz yalnız Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına veriləcək töhfələrdir. Normallaşmaya gedən yol isə sülh sazişindən keçir. Görünür, danışıqlar hələ çox uzanacaq. Çünki hələ də sərhədlərin delimitasiya və demakrasiya məsələsində Ermənistan danışıqlarla razılaşana oxşamır. Ümumiyyətlə, problemin kökündən həll edilməsi üçün hər iki ölkə qarşılıqlı şəkildə bir birinin ərazi bütövlüyünü tanımalı, diplomatik müstəvidə razılaşmalara getməlidir. Bunları isə noyabrın 26-sı baş tutacaq Soçi görüşündən gözləmək olmaz Sadəcə bu görüş həmin yolda irəliyə doğru gedilən bir addımdır. İstənilən halda problemlər masa arxasında həll edilməlidir. 15 dekabrda Brüsseldə keçiriləcək görüşdən isə daha müsbət nəticələr gözləmək olar. Çünki Rusiyadan fərqli olaraq Avropa Birliyinin dövlətlərarası münasibətlərin normallaşmasını təmin etmək üçün göstərdiyi səylər daha ağlabatandır. Avropa Birliyi həm Azərbaycan, həm də Ermənistanın normallaşmaya daha sürətlə keçməsinin tərəfdarıdır, nəinki Rusiya. Rusiya daha çox münaqişəli vəziyyətin saxlamağın tərəfdarıdır. Rusiya uzun illər Qarabağ məsələsindən həm Ermənistan, həm də Azərbaycanın başı üzərində Domokl qılıncı kimi istifadə edib. Əlbəttə ki, bir anda məsələnin kökündən həlli Rusiya üçün məqbul sayılmır”.

//Gülnarə Abasova, Editor az