“Soçidə baş tutan üçtərəfli görüşün nəticələri qalib Azərbaycanın məqsədlərinə nail olduğunu göstərir”backend

“Soçidə baş tutan üçtərəfli görüşün nəticələri qalib Azərbaycanın məqsədlərinə nail olduğunu göstərir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soçidə baş tutan üçtərəfli görüşün nəticələri qalib Azərbaycanın məqsədlərinə nail olduğunu göstərir”. Bu fikri Editor.az-a politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, görüşdə, regionda sabitlik və təhlükəsizliyə dair məsələlər, Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, iki tərəf arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin postmüharibə dövrünün reallıqları ilə bağlı digər bir sıra məsələlər haqqında mühüm fikirlər səsləndirildiyini deyən politoloq vurğulayıb ki, Prezident İlham Əliyev dəmir  Azərbaycanın bəhs olunan məsələlərlə əlaqədar prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi:

“Dövlət başçısı Azərbaycanın bölgədə dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın təmin edilməsində maraqlı olduğunu, qarşıda duran vacib məsələlərin həllini tapmasının zəruriliyini nəzərə çatdırdı.  Dövlət başçısının fikirləri reallığın ifadəsi olmaqla yanaşı, Azərbaycanın postmüharibə dövründə qurucu və sabitləşdirici mövqeyinin ifadəsidir. Sirr deyil ki, ölkəmiz yeni şəraitdə – yeni reallıqlar fonunda regionda proseslərin tənzimlənməsi üçün həm vacib çağırışlarla, həm də müvafiq təklif və təşəbbüslərlə çıxış edir. Xüsusilə də, Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi məsələsində rəsmi Bakının mövqeyi mövcud reallıqlara əsaslanır və regional təhlükəsizliyə  yönəlib.  Yeri gəlmişkən, üçtərəfli görüşlə əlaqədar Bəyanatda Rusiyanın məşvərətçi rolda olmaqla sərhədlərin delimitasiya və demarkasiyasına çağırış etməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir”.

N. Qələndərli bildirib ki, Azərbaycanın mövqeyi regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində tam adekvat yanaşma kimi xarakterizə olunur:

“Rusiya Prezidenti Vladimir Putinin sözügedən görüşdə səsləndirdiyi fikirlər də bu reallığın təsdiqidir. Bu, rəsmi Bakının fəaliyyətinin Cənubi Qafqazın yeni geostrateji dizaynında  həlledici rol oynadığını və əsas götürüldüyünü bir daha təsdiqləyir.  Yeri gəlmişkən, Prezident Vladimir Putin mətbuata bəyanatla çıxışında dəfələrlə “dəhliz” ifadəsindən istifadə etdi ki, bu da “Zəngəzur dəhlizi” layihəsinin Rusiya tərəfindən dəstəkləndiyini göstərən mühüm faktlardan biridir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin mövqeyi görüş çərçivəsində imzalanan Bəyanatda öz əksini tapdı. Digər tərəfdən, Bəyanatda “Qarabağ” sözünün olmaması Azərbaycanın haqlı, ədalətli və qətiyyətli mövqeyinin ifadəsidir”.

“Soçi görüşündə səsləndirilənlər, eləcə də Paşinyanın fikirləri Ermənistanın reallıqları qəbul etməkdən, mövcud gerçəkliklər əsasında hərəkət etməkdən başqa çıxış yolu olmadığını göstərir. Yeri gəlmişkən, görüşlə bağlı yekun sənəddə erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı.  Bununla yanaşı, üçtərəfli görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunması da olduqca mühüm əhəmiyyətə malikdir.
Görüşün əks etdirdiyi reallıqlardan biri də budur ki, Azərbaycan milli maraqlara əsaslanan, regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən strateji məqsədlərini reallaşdırmağa davam edir. Üçtərəfli görüşdə Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin mətbuata bəyanatlarında əksini tapan məqamlar Soçi görüşünün nəticələrini müsbət qiymətləndirməyə əsas verir. Əminliklə söyləmək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu”.

//Gülnarə Abasova, Editor.az