Soçidə sülh müqaviləsi imzalanacaq?backend

Soçidə sülh müqaviləsi imzalanacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Soçidə görüş olacaq.

Əsas müzakirə mövzuları belədir:

Qarabağ üzrə sazişin həyata keçirilməsi

Sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi

Ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası

Bundan əlavə, Putin Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda danışmağı planlaşdırır.

… Görüş ərəfəsindəki hadisələr çox sürətlə cərəyan etdi, etməkdədir.

Son olay Xankəndində ermənilərin Hellouin bayramını xatırladan mitinqi idi.

Mitinqdə yenə aqressiv şüarlar, Azərbaycanın ünvanına təhdidlər səsləndi və çıxış edən natiqlər bildirdilər ki, “qarabağlı ermənilər heç bir zaman, heç bir şərtlə Azərbaycan vətəndaşı olmayacaqlar”.

Faktiki olaraq, 34 il əvvəlki “millətin öz müqəddəratını təyin etmək hüququ” şousu altında separatçılıq, ekstremizm və aqressiya ruhlu açıqlamalar edildi.

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko da bu gün Soçi görüşü ilə bağlı bəyanatla çıxış etdi.

Onun bəyanatının əsas məqamları belədir:

1. “Rusiya ümid edir ki, bazar ertəsi, oktyabrın 31-də baş tutacaq üçtərəfli sammit Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində hərəkət etməyə imkan verəcək”

2. “Hələ də problemlər az deyil. Düşünürəm ki, onların hamısı müzakirə ediləcək, o cümlədən sabahkı Soçi görüşündə. Ümid edirik ki, görüş bir sıra məsələlərin həllində, o cümlədən sülh müqaviləsinin imzalanması məsələsində irəliləyişə zəmin yaradacaq”.

3. “Sülh müqaviləsinin bu ilin sonunadək imzalanmasına gəldikdə isə, həyatda hər şey ola bilər. Əgər Ermənistanın lideri Nikol Paşinyan belə deyibsə, deməli, belə deməyə onun hansısa əsasları olub”.

4. “Rusiyanın Qarabağdakı sülhməramlıların dəqiq mandatı var – beş il. Beş il hələ keçməyib. Müddətin 20 ilədək artırılmasını müzakirə etmək tezdir”.

Beləliklə, Soçi görüşü ərəfəsində situasiya necədir?

1. Rusiya Cənubi Qafqaz bölgəsini tərk etmək niyyətində olmadığını aşkar bəyan etdi və bu planı reallaşdırmaq üçün istisnasız olaraq bütün vasitələrdən istifadə edəcəyinə işarələr vurur.

2. Rusiyanın dövlət və “müstəqil” mediasında, xüsusilə federal teleakanallarda Azərbaycan əleyhinə açıqlamaların sayı maksimuma çatdırılıb. Ədalətli mövqe tutan və ya Azərbaycanın mövqelərini anladan bir ekspert (!) də həmin telekanallara dəvət olunmur. Tam əksinə, qarabağlı erməni separatçılarına tam dəstək verilir, “Dağlıq Qarabağ Respublikası” ifadəsindən sürəkli istifadə olunur.

3. Rusiyanın propaqandası ermənilərə və bizə anlatmağa çalışır ki, hazırda rusiyalı sülhməramlıların operativ nəzarətində olan ərazilər üzərində Bakının kontrolunun bərpası variantı, yəni sülh müqaviləsinin “Vaşinqton variantı” onu əsla, amma əsla təmin etmir. Moskva buna imkan verməməyə çalışacaq. Özü də Moskva rəsmilərin və propaqandası bu barədə elə danışırlar ki, sanki rusiyalı sülhməramlıların indi olduqları ərazi Azərbaycan torpaqları deyil.

4. Vladimir Putinin “Valday forumu”nda çıxış edəndə “Təbii ki, rəsmi İrəvan “Vaşinqton sənədi”ni qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər, lakin bizim təkliflərimiz fərqlidir”.

Yəni Putin ermənilərə işarə vurur ki, əgər Paşinyan Moskvanın ssenarisi ilə razılaşarsa, Ermənistan bundan sonra da üçtərəfli bəyanatın şərtlərinə əməl etməyə bilər, qarabağlı ermənilərə də Laçın dəhlizi vasitəsilə “yardım”lar yollaya bilər.

Rusiya bölgədə status-kvonu qorumaq istəyir. Amma bu status-kvo Bakının maraqlarına cavab vermir və Moskva bununla bağlı Azərbaycandan yetərincə messiclər alıb.

Rəsmi Bakı bu günədək susdu, heç bir diplomatik fəallıq nümayiş etdirmədi.

Bu süküt zəifin səssizliyi deyil. 44 günlük İkinci Vətən Müharibəsi ərəfəsində də Bakı analoji diplomatik sükutda idi.

Belə sükutun düşmən üçün nələr vəd etdiyini və nə ilə sonuclanacağını çox yaxınlarda görəcəyik.

Erməni cəmiyyəti 44 günlük müharibədən gərəkli nəticə çıxarmayıb və özünümüdafiə instinktini əxz etməyib.

Rusiyaya gəldikdə isə – Moskvanın yürütdüyü siyasət onun Cənubi Qafqazdakı tərəfdaşlarını tamamən itirməsi ilə nəticələnə bilər.

Ermənistan və Rusiyanın belə davranışını planlaşdırmaq çətin deyildi – Moskva və İrəvandakı “analitik”lərin hesablamalarına rəğmən.

Təbii ki, Azərbaycanın bizimlə belə primitiv oyunlar oynamağa çalışanlara “sürpriz”ləri var.

Əksi mümkün deyil.

Milli.az